“Yeni tarif dəyişikliyi xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Son illərdə dünya bazarlarında bir çox mal və xidmətlərin, o cümlədən sənaye malları və avadanlıqların, nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin artırılması baş verməkdədir. Bu proses Azərbaycanın nəqliyyat sektoruna da öz təsirlərini göstərməkdədir. Daşıyıcı şirkətlərin bu səbəbdən xərcləri son 2 ildə artıb, onların göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirləri öz cari xərclərini ödəmirdi. Faktiki olaraq daşıyıcı şirkətlər bir neçə ildir ki, ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sayəsində zərərlə işləyirdi, sərnişindaşımada maya dəyərinə ciddi təsirlər daşıyıcı şirkətlərin maliyyə vəziyyətini pisləşdirmişdi, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi üçün dayanıqlı resurslar yox idi. Yəni, tarif tənzimlənməsinə zərurət yaranmışdı. Tarif Şurası bu sahədə qiymət tənzimləməsinin qaçılmaz olduğunu nəzərə alaraq tariflərə dəyişiklik etdi”. Bu sözləri SİA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov Tarif Şurasının qərarı ilə metro və ictimai sərnişindaşıma nəqliyyatında qiymətlərin artırılmasını şərh edərəkən deyib.

Millət vəkili qeyd edib ki, tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcəkdir: “Yeni qiymətlərdən sonra daşıyıcı şirkətlərin xərcləri azalacaq və müəyyən qədər stimullar yaranacaq. Bununla yanaşı, hökumətin dotasiya təklifini nəzərdən keçirməsi də nəzərdə tutulub. Xüsusilə də bu qərarın əhalinin həssas sosial təbəqəsinə təsirlərinin azaldılması üçün müxtəlif səmərəlilik mexanizmləri üzrə yeni təkliflər də nəzərdə tutulub. “Tarif artımı variantları nəzərdən keçirilərkən dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülübdür. Sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin differensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılması qərara alınıb”.

Yanacağın qiymət tariflərinə toxunan A.Hüseynov bildirib ki, dizel yanacağının bir litrinin pərakəndə satış qiyməti 80 qəpikdən 1 manata, “A-92” markalı benzinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılsa da, “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun 15-dən bazarın konyukturasına uyğun olaraq, 0,40 manat ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub: “Tarif tənzimləmələri ilk növbədə ekoloji siyasətin mühüm istiqamlərindən biri olan ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəlib, bütün qabaqcıl ölkələr elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Azərbaycan da məhz dünya ekoloji tələblərindən irəli gələn bu siyasətə keçid istiqamətində addımlar atır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə