“Cadu ilə məşğul olanlar şeytana ibadət edirlər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Cadunun təmizlənməsi üçün falçı və ekstrasenslərə getmək islam dinində qəbul olunmur. İnsanların qapılarına doğru olmayan şeylər atırlar. Onlar da bunun cadu olduğunu bilib, təmizlənməsi üçün cadugərin yanına gedirlər. Ümumiyyətlə, dinimizdə cadugərin yanına getmək böyük günahdır. Caduyla məşğul olan insan kafirdir. Dindən çıxır. Başqa sözlə, mürtəddir. Cadugərlərin bəziləri guya Allahın adıyla danışır, bəziləri otağında Quran qoyur. Özlərinə bəzən zahirən dini, islami görünüş verirlər. İslam dinində cadugərlik lənətlənib”. Bu sözləri SİA-ya danışan ilahiyyatçı Yaşar Qurbanov deyib.

O bildirib ki, cadu ilə məşğul olanlar şeytana ibadət edirlər: “Onlar şeytana nə qədər çox ibadət etsə, nə qədər çox dindən azsa, kafir cinlərin, şeytanların dediklərini yerinə yetirsələr, onların sehr-caduları bir o qədər güclü olur. Ona görə də belə insanların yanına getmək olmaz. Çünki onlar şeytanlara ibadət edirlər. Cadugərlərin əsas məqsədi insanların pullarını əldə etmək istəmələri və onun arxasında duran, ona güc verən şeytanın insanların imanlarını almalarıdır. Ona görə peyğəmbərimiz (s.ə.v) kim sehirbazın, kahinin, falçının yanına gedərsə, onun 40 gün namazı qəbul olunmadığını buyurur. Təsəvvür edin, sadəcə, yanına getməklə 40 gün namaz qəbul olunmur. Amma kim onun sözünü təsdiqləyərsə, inanarsa, o artıq peyğəmbərə (s.ə.v) endirilmiş Qurani-Kərimə küfr etmiş olur. Yəni, Quranı inkar etmiş olur. Ona görə də cadugərlər, bu işlə həyatını başa vuran insanlar əbədi cəhənnəmlikdir. Onlar kafir sayılır. Çünki onlar Allah və rəsuluna üsyan edirlər. Onların yanına getmək olmaz. Əgər onlar cadugərliklə var-dövlət qazanırlarsa, yəni, bunu bacarırlarsa, niyə camaatdan pul tələb edirlər. İnsanlardan pul tələb etmədən varlana bilərlər. Elə, cinlər şeytanlar onlara bütün xəzinələrin qapılarını açsın. O cadugərin, şarlatanın da əsas məqsədi də insanların maliyyəsini əldə etmək, arxasında olan ibadət etdiyi kafir cin, şeytanın isə ora gələn insanın imanını əlindən almasıdır.

İlahiyyatçı deyib ki, əgər bu cadugarlıq bu şeytan, bu cin nəsə verə bilirsə, elə cadugara verərdilər: “Əksinə, onların camaatın puluna ehtiyacları var. Bu şəxslər kafir cinlərə, şeytanlara ibadət edirlər. O kafir cinlər, şeytanlar da bunların vasitəsilə insanların imanının əlindən getməsini istəyirlər. Onlar bunlara inanmalarını və kafir kimi dünyadan köçmələrini istəyirlər. Ona görə də onların yanına getmək, onlara inanmaq və onlardan qorxmaq olmaz. İnsan zikrlərə sarılarsa, səhər-axşam bunları edərsə, gün ərzində oxuyarsa, ona heç nə təsir göstərməz. Ümumiyyətlə, insan çalışmalıdır ki, surə və ayə bilmirsə belə, “Youtube”dan surə və ayələri evində səsləndirsin".

Bütün xəbərlər Facebook səhifəmizdə