Fransada 190 nəfər namizədlikdən geri çəkilib

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turundan əvvəl təqribən 190 nəfər namizədlikdən geri çəkilib. SİA xəbər verir ki, bu barədə məlumatı “Le Monde” qəzeti yayıb.

Həmin şəxslərdən 123-ü solçu partiyaları, 64-ü isə Fransa Prezidenti Emmanuel Makronun blokunu təmsil edir.

Birmandatlı dairələrin əksəriyyətində ikinci tura üç əsas blokun namizədləri keçiblər. E.Makron və solçuların nümayəndələri ilkin nəticələrdən sonra üçüncü pillədə yer alanları ikinci turda iştirakdan imtina etməyə çağırıblar. Bu çağırışda məqsəd isə bütün səslərin “Milli Birlik” partiyasının əsas rəqiblərinə keçməsinə imkan yaratmaq olub. Namizədlər bu gün Bakı vaxtı ilə 20:00-a qədər namizədlikdən geri çəkilə bilərlər.

Qeyd edək ki, iyunun 30-u keçirilən birinci turda Marin Le Penin “Milli Birlik” partiyası səslərin 33,2 faizini toplayıb. Solçu “Yeni Xalq Cəbhəsi” partiyası 28,1, Makronun “Birlikdə” bloku isə 21 faiz səs toplaya bilib. Seçkilərin ikinci turu iulun 7-də baş tutacaq. “Milli Birlik” partiyasının ilk turda qələbəsindən sonra paytaxt Paris və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə