"TDT sammitinin Şuşada keçirilməsi yeni hədəflər üçün mesajdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türk Dövlətləri Təşkilatı günü-gündən güclənir. Bu təşkilata üzv olan bütün türk dövlətləri, o cümlədən müşahidəçi qismində burada təmsil olunan dövlətlər bu təşkilatın güclənməsi üçün öz güclərini səfərbər ediblər". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, faktiki olaraq Türk Dövlətləri Təşkilatının güclənməsini bu gün türk dövlətləri ilə yanaşı region dövlətləri, eyni zamanda qlobal güclər də istəyir: "Bu gün bir çox dövlətlərin niyyəti Türk Dövlətləri Təşkilatının güclənməsinə şərait yaratmaqdır. Türk Dövlətləri Təşkilatı həm iqtisadi təşkilatdır, həm mədəni, həm də siyasi birlik var. Bu dövlətlər arasında ikitərəfli, üçtərəfli, həm də çoxtərəfli münasibətlər getdikcə inkişaf edir. Nəticə etibarilə bu dövlətlər arasında milli, mənəvi və soykök bağlarının olması da bu əlaqələrin daha səmimi qurulmasına şərait yaradır.

Türk Dövlətləri Təşkilatının mövcud gücünü, potensialını araşdıranda onu deyə bilərik ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı regionda baş verən bütün prosesləri tam nəzarətdə saxlamaq gücündə olmaqla yanaşı digər proseslərə də təsir etmək gücünü daha da artırmış olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanması və öz torpaqlarını işğaldan azad etməsi Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Türk-Azərbaycan münasibətləri və digər Türk dövlətləri ilə Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsinə əhəmiyyətli təkan oldu. Qarabağ zəfəri Türk dövlətləri üçün bir motivasiya rolunu oynamaqdadır. Eyni zamanda zəfərdən sonrakı prosesləri də nəzərdən keçirsək, görərik ki, Qarabağın yenidən qurulması, dirçəlməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi məsələsinə türk dövlətləri sözdə yox, əməldə də dəstək verirlər. Qarabağda yeni məktəblərin tikilməsinə, türk dövlətlərinin yaxından töhfə verməsi də bu prosesi öz dövlətləri adından hədiyyə olaraq həyata keçirmələri və eyni zamanda Türkiyə dövlətinin ən böyük şirkətlərinin quruculuq, abadlıq işlərində yaxından iştirak etmələri, Macarıstanın bu prosesə töhfə verməsi bu dövlətlərin, həqiqətən də, səmimi münasibətlər bünövrəsini qoyan bilmələri və bu bünövrə əsasında münasibətlərin inkişaf etməsi onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatının hələ uzun illər inkişaf perspektivini görəcəyik".

Onun sözlərinə görə, yaxın günlərdə, iyul ayının 5-6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşa şəhərində keçirilməsi yeni hədəflər üçün bir mesajdır: "Həmçinin bu toplantılarda biz Türk Dövlətləri Təşkilatının 2040 hədəfləri ilə bağlı artıq bir sənədin imzalanmasına şahidlik etmişdik. Düşünürəm ki, Şuşada bu toplantının keçirilməsi növbəti onilliklərdə təşkilatın qarşısında duran əsas hədəflər və təşkilatın yaxın illərdə reallaşdırılması vacib olan məsələlərlə bağlı qərarların alınması üçün əla bir fürsət olacaqdır. Eyni zamanda regional problemlərin həllində birlik nümayiş etdirmək üçün çox əla bir fürsət yaranacaq ki, Türk Dövlətləri Təşkilatı bu problemlərin həllinə aid real addımlar ata bilsin. Qarşılıqlı milli təhlükəsizliyin qorunması Türk Dövlətləri Təşkilatının hərtərəfli gözləyə biləcək təhdidlərdən yayınması üçün birgə addımların atılmasının vacibliyi mütləq nəzərə çarpacaqdır.

Eyni zamanda Azərbaycanda COP29 keçiriləcək. Düşünürəm ki, COP29-un keçirilməsində Türk Dövlətləri Təşkilatı da yaxından iştirak edəcək. Azərbaycana bu ağır, məsuliyyətli prosesdə Türk Dövlətləri Təşkilatının da açıq dəstəyini görə biləcəyik. Bir sözlə, Türk Dövlətləri Təşkilatının güclənməsi, inkişaf etməsi, xüsusilə də türk dövlətlərinin bu günkü günə gəlib çıxmasında Naxçıvan toplantısının çox böyük önəmi var idi. Ondan sonra biz çox sayda toplantıların və görüşlərin şahidi olmuşuq. Ancaq Şuşada keçiriləcək qeyri-rəsmi sammit düşünürəm ki, yeni dövrün başlanğıcı kimi tarixdə qalacaqdır. Eyni zamanda Türk Dövlətləri Təşkilatı liderlərinin birlikdə Qarabağda toplanması da Azərbaycanın Qarabağ zəfərinin qeyd edilməsi və Şuşada imzalanmış Şuşa Bəyannaməsinə bərabər, yaxın bir sənədin yaxın gələcəkdə bütün türk dövlətləri təşkilatları arasında imzalanması üçün də əla bir fürsət olacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə