"Turizm potensialımız daha geniş tanıdılmalıdır" - EKSPERT

"Turizm potensialımız daha geniş tanıdılmalıdır" - EKSPERT

"Azərbaycanın turizm potensialından daha çox gəlir əldə etmək üçün turizm məhsulları şaxələndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın turizm potensialından daha çox gəlir əldə etməsi üçün ilk növbədə turizm məhsullarının şaxələndirilməsinə və regionların turizm imkanlarının daha geniş şəkildə tanıdılmasına diqqət yetirmək lazımdır:

"Xüsusilə sağlamlıq, təbiət, kənd, qastronomiya, mədəni və macəra turizmi kimi istiqamətlərin inkişafı ölkəyə daha çox turist cəlb etməklə yanaşı, onların daha uzun müddət qalmasına imkan verə bilər.

Azərbaycanın turizm potensialının xarici bazarlarda daha effektiv tanıdılması da əsas məsələlərdən biridir və burada məqsədli marketinq kampaniyalarına daha çox üstünlük verilməlidir.

Digər tərəfdən, turistlərin ölkədə daha çox vəsait xərcləməsinə imkan verən keyfiyyətli və fərqli turizm məhsulları hazırlanmalıdır. Peşəkar kadrların hazırlanması və xidmət mədəniyyətinin yüksəldilməsi də turizmdən əldə olunan gəlirin artmasına birbaşa təsir edən amillərdəndir.

Əsas məqsədimiz sadəcə daha çox turist gətirmək deyil, ölkəyə gələn turistin Azərbaycanda daha uzun qalmasını, daha çox xidmət və məhsuldan istifadə etməsini və ölkəmizdən yüksək məmnuniyyətlə ayrılaraq yenidən qayıtmasını təmin etmək olmalıdır.

Uzunmüddətli xarici ölkələrdə ölkəmizin təbliğinin davam etdirilməsini zəruri hesab edirəm. Çünki təbliğatın nəticəsini bu gün üçün deyil, Azərbaycanın turizminin gələcək inkişafı üçün yatırım kimi qiymətləndirmək lazımdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə