Muxtar respublikada fiber-optik xətt çəkilişi davam etdirilir
Naxçıvan Muxtar Respublikasında fiber-optik kabel şəbəkəsinin əhatə dairəsinin ildən-ilə genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində də bir sıra qurumlara, o cümlədən yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilir. İstismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Görülən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Əlincə məhəlləsində çoxmənzilli 10 nömrəli yaşayış binasında, İdris Məmmədov küçəsində çoxmənzilli 46 nömrəli yaşayış binasında, Nizami küçəsində çoxmənzilli 44 nömrəli yaşayış binasında, Heydər Əliyev prospektində olan çoxmənzilli 16 nömrəli yaşayış binasında və Xətai məhəlləsi döngə 9–da “Naxtel” mobil operatoruna məxsus yeni qurulan baza stansiyalarına fiber-optik kabellər çəkilib. Həmçinin, müraciətlərinə əsasən “Naxçıvan Sement Zavodu” və “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə, “Şərur broyler” quşçuluq təssərüfatına, “Dan yeri” alış-veriş mərkəzinə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyinin rayonlarda yerləşən Əhalinin Sosial Müdafiə mərkəzlərinə, Dövlət Energetika Xidmətinə və Naxçıvan Muxtar Respublika Stadionunda zəruri texniki obyektlərə fiber-optik xətt çəkilişi həyata keçirilib. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin valyutadəyişmə məntəqələrində isə zəruri avadanlıqlar quraşdırmaqla fiber-optik xətt vasitəsilə bankın ümumi sisteminə qoşulması təmin edilib.
Bununla yanaşı, Culfa rayonunun Ərəfsə kəndində fiber-optik xətlərdə yaranmış nasazlıqlarla bağlı olaraq yenilənmə işləri görülüb. Yeni dəmir rabitə dirəkləri basdırılıb, 380 metr məsafədə yeni fiber-optik xətlər və 400 metrə yaxın müxtəliftutumlu kabellər çəkilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyə isə fiber-optik xətt çəkilişi məqsədilə zəruri tədbirlər görülməkdədir.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində fiber-optik xətlər üzərindən təmin edilən GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında Naxçıvan şəhərində həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 19 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB