"Robotlar insanların işsiz qalmasına səbəb olacaq" - QURUM RƏSMİSİ AÇIQLADI

Bəzi mənbələrdə deyilir ki, 2020-2025-ci illər arasında 85 milyon işçini robotlar əvəzləyə bilər. Yəni, istehsalat avtomatlaşdırılacaq. Bu da insanların işsiz qalmasına səbəb olacaq. Ümumiyyətlə bunun müsbət və mənfi tərəfləri nələrdir?

SİA mövzu ilə bağlı “Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəblinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, artıq uzun illərdir ki, bir çox beynəlxalq istehsalçılar bunun üzərində çalışır: “Onlar öz texnologiyalarını istehsal etdikləri mexanizmləri təkmilləşdirirlər. Qeyd olunan tarixdə tam şəkildə olmasa da artıq demək olar ki, bir çox sektorlarda insan əməyinə ehtiyac qalmayacaq. Çünki insanların icra etdikləri işi robot texnika və yaxud da hər hansı bir avtomatlaşdırılmış mexanizm sərbəst şəkildə icra edəcək”.

Fərrux Rəcəbli sözlərinə belə davam edib: “Bunun fərqli cəhətləri odur ki, insanlar işsiz qalacaq, yəni insan əməyinə ehtiyac qalmayacaq. Bu da dünyada qlobal işsizlik sayının çoxalmasına gətirib çıxaracaq ki, nəticədə siyasi problemlər yaranacaq.

Bu işin müsbət tərəfi istehsalçıya və müəssisələrə təsir göstərə bilər. Məsələn, bir işçiyə illərlə ödəcəyiniz əməkhaqqını daha aşağı məbləğlə sadəcə bir dəfə robot texnikaya ödəyirsiniz və onun görəbiləcəyi işlərin daha artığını robot texnika edir. Bu da müəssisənin həm büdcəsinə, həm də iş gedişatına müsbət təsir göstərəcək. Lakin, texnologiyanın inkişaf etməyi insanlar arasında bir müddət sonra xoş qarşılanmayacaq. Hətta bu bir sıra ölkələrdə xaosa çevrilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə