Cənubi Koreya yerli istehsalı olan raketini kosmosa göndərdi

Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə sayılacaq

Cənubi Koreya yerli istehsalı olan “Nuri” raketini ikinci dəfə kosmosa göndərdi.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, 2021-ci ildə orbitə 1,5 tonluq süni peykini yollaya bilməyən raket ikinci dəfə paytaxt Seuldan təxminən 500 kilometr cənubda yerləşən Qohın-qun (Goheung-gun) şəhərindəki Naro Kosmik Mərkəzindən buraxılıb.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, raketin daşıdığı peyklərin Yer kürəsindən 700 kilometr yüksəklikdə orbitə yerləşdirməsi planlaşdırılır.

Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə sayılacaq.

İkinci sınaq əvvəlcə əlverişsiz hava şəraitinə görə iyunun 16-na, sonra isə raketin çəninin sensorunda nasazlıq səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Koreya Kosmik Tədqiqatlar İnstitutu (KARI) “Nuri” raketinin 2027-ci ilə qədər daha 4 dəfə kosmosa buraxılacağını bildirib.

Raket Cənubi Koreyaya 1,6 milyard dollara başa gəlib. Çəkisi 200 ton, uzunluğu 47,2 metr olan raketin 6 mühərriki var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...