Yaponiya QUAD dördlüyü ilə məkdaşlığını möhkəmləndirir

Bu barədə NHK telekanalı məlumat yayıb

Yaponiya hökuməti QUAD (Quadrilateral Security Dialogue) dördlüyünə daxil olan ABŞ, Avstraliya və Hindistanla kosmosun tədqiqi məqsədilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Rəsmi Tokio bu addımı Yaponiyanın yeni hazırlanmış kosmos siyasəti layihəsinə müvafiq olaraq, Yer planeti ətrafı orbitdə artan hərbi təhdidlərə cavab vermək məqsədilə atır.

Yer ətrafı orbitdə dördtərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə qərar QUAD liderlərinin qarşıdakı həftədə Tokioda keçiriləcək sammitində qəbul ediləcək.

Yaponiya 2026-cı ildə orbitdə vəziyyəti və digər ölkələrin buradakı aparatlarını izləmək üçün xüsusi süni peyk buraxmaq niyyətindədir. Rəsmi Tokionun həmçinin ABŞ-ın raketlərin buraxılmasını izləmək məqsədilə çox sayda kiçik süni peyklərin buraxılışı proqramına qatılmaq niyyətində olduğu da bildirilir.

Xatırladaq ki, QUAD (Təhlükəsizlik Üzrə Dördtərəfli Dialoq) dialoqu 2007-ci ildə Asiya-Sakit okean və Hind okeanı regionlarında əməkdaşlıq mexanizmini yaratmaq məqsədilə təsis edilib. 2021-ci ilin sentyabrında Vaşinqtonda iştirakçı ölkə başçılarının ilk əyani görüşü keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə