Türkiyəli fotoqraf ilk dəfə Antarktida canlısını paylaşdı

Türkiyəli fotoqraf ilk dəfə Antarktida canlısını paylaşdı

Türkiyəli fotomüxbir Şebnem Coşqun ilk dəfə Antarktidanın cənubunda əvvəllər görünməyən canlı "Beroe cucumis"in şəklini paylaşıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Anadolu informasiya agentliyinin (AA) fotomüxbiri Şebnem Coşqun 10-28 fevral tarixlərində Türkiyə Prezident Aparatının himayəsi altında keçirilən VI Milli Antarktika Elmi Ekspedisiyası zamanı bu coğrafiyada fərqli canlı növlərini müşahidə etmək imkanı əldə edib. O, At nalı (Horseshoe) adasında sualtı müşahidə üçün Qala körfəzindəki aysberqlərin arasına dalıb. Coşqun bu dalışla suyun altında çəhrayı canlı növə rast gəlib.

Araşdırmalardan sonra aşkar edilən canlının "Beroe cucumis" olduğu və onun əvvəllər qitənin cənubunda qeydə alınmadığı məlum olub.

"Beroe cucumis" ətyeyən və çox qarınqulu bir canlıdır. Qlobal istiləşmənin təsiri ilə 2050-ci ilə qədər həyat üçün çox uyğun olmayan Antarktidanın soyuq bölgələrinə yayılacağı gözlənilir.

At nalı adasının ətrafındakı Adelie pinqvinləri qida olaraq bu canlını yeyirlər.

Xırda canlı "Beroe cucumis" körpə balıqlardan krill sürfələrinə, müxtəlif zooplanktondan daha böyük meduza növlərinə qədər bir çox canlını yeyə bilir.

“Beroe Cucumis” həm də bioluminesans vasitəsilə, yəni kimyəvi yolla işıq yarada bilən təbiətin möcüzəvi kiçik canlılarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə