“Aztelekom” və EBRD arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanın regionlarda telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında əməkdaşlıq müzakirə edilib.

SİA nazirliyə istinadən xəbər verir ki, bu məsələ nazir Rəşad Nəbiyevin Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Şərq qonşuluğu və institusional quruculuq üzrə direktoru Lourens Mereditlə görüşündə müzakirə obyekti olub.

Görüşdə, həmçinin EBRD və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər, Aİ-nin İqtisadi və İnvestisiya Planı və bu plan çərçivəsində mümkün prioritet layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda Aİ-nin maliyyə mexanizmlərindən istifadə, Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) üzrə əməkdaşlıq, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması kimi məsələlər müzakirə olunub.

Aİ nümayəndəsi ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə məlumatlandırılıb.

Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi baxımından Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının 2023-cü ildə Bakıda keçirilməsinin önəmi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə