Azərbaycanlı həkimin Almaniyadakı uğuru

Almaniyada bu kvalifikasiya səviyyəsini qazanmış cəmi 300-ə yaxın yüksək ixtisaslaşmış neyroradioloq var ki, onlardan ən gənci Nuran Abdullayevdir

“Əziz dostlar, beynəlxalq uğurlarımın siyahasına böyük hərflə yazılacaq dünən aldığım çox sevindirici bir xəbəri sizinlə paylaşmaq istədim. Almaniyanın İnvaziv Radiologiya və Minimal-İnvaziv Terapiya Cəmiyyəti, eləcə də Almaniyanın Neyroradiologiya və Rentgen cəmiyyətləri tərəfindən ayrı-ayrılıqda aparılan qiymətləndirmə və təsdiqetmə prosesindən sonra "Minimal-invaziv neyroradioloq mütəxəssis" diplomunu aldım. Bu, Almaniyada invaziv neyroradiologiya sahəsində ən son dərəcəli - 2-ci kvalifikasiya səviyyəsidir. Bu kvalifikasiya səviyyəsinə yiyələnmək üçün Almaniyada cəmi 161 mərkəz var ki, Köln Universiteti Klinikasının Neyroradiologiya bölümü ilk 5-likdə yer alır və Nordrayn-Vestfalen ərazisində ilk yeri tutur”. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu sözləri Almaniyada yaşayan azərbaycanlı həkim Nuran Abdullayev öz media səhifəsində paylaşıb.

Qeyd edək ki, Almaniyada bu kvalifikasiya səviyyəsini qazanmış cəmi 300-ə yaxın yüksək ixtisaslaşmış neyroradioloq var ki, onlardan ən gənci Nuran Abdullayevdir. Onlar özlərinə müvafiq yüksək peşə bacarıqları ilə illik Almaniyada baş verən 270.000 beyin insultu zamanı ehtiyac olan beyin əməliyyatlarına və eləcə də 83 milyonluq əhalinin 5 faizinə qədərində rast gəlinən beyin anevrizmalarının neyroradioloji müalicəsinə cavabdehdirlər. Bu xəstələrin 1,5 milyonu beynindəki anevrizmadan xəbərsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə