“Bildiyiniz kimi, Xüsusi Olimpiya Komitəsi uzun illərdir bu sahədə fəaliyyət göstərir və bu müddət ərzində minlərlə əlilliyi olan uşaq idmana cəlb olunub, onların cəmiyyətə inteqrasiyası təmin edilib və müxtəlif yarışlarda uğurlar əldə ediblər. SİA xəbər verir ki, bu fikirləri Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Xüsusi Olimpiya Festivalında səsləndirib.
O bildirib ki, hərəkətin əsas məqsədi idman növlərinin inkişafı, iştirakçıların bacarıqlarının artırılması və bu sahədə bütün uşaqların idmana cəlb olunmasıdır: “Bu fəaliyyət dövlət tərəfindən dəstəklənir və Prezident İlham Əliyev, Gənclər və İdman naziri Fərid Qayıbovun diqqəti sayəsində idmançılarımız müxtəlif uğurlar qazanırlar. Hərəkətin daha da gücləndirilməsi üçün həm federasiyalarla, həm də aidiyyəti qurumlarla əməkdaşlıq edilir”.
V. Behbudov çıxışının sonunda tədbirin təşkilatçılığı üçün Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə