Gürcüstanda yaşayan soydaşlarımız bu günədək ölkənin siyasi, ictimai, mədəni və digər sahələrində, eləcə də idman sahəsində böyük uğurlar qazanaraq Azərbaycan adını dünyada tanıdıblar.
Onlardan bir çoxu uğur qazandıqları arenalarda Gürcüstan bayrağını qaldırdıqları kimi, doğma Azərbaycanın da adını uca tuturlar.
Bu gün haqqında danışacağım şəxs ciu-citsu üzrə dünya çempionu Həbib Mamadoğludur.
Həbib Mamadoğlu Gürcüstanın Şidi Kartli bölgəsinin Kaspi rayonunun Kareli qəsəbəsində yaşayır.
Qeyd edək ki, Kaspi və Kareli deyəndə ilk növbədə Xəzər dənizi və Bakı yada düşür. Ona görə ki, Kaspi Xəzər dənizinin, Kareli isə (gürcü dilində küləklər eli) “küləklər şəhəri” kimi Bakının adı ilə eynilik təşkil edir. Yəni Kaspi Xəzərin, Kareli isə küləklər şəhəri olan Bakının rəmzi adlarını xatırladır.
Kaspidə əhalinin böyük əksəriyyətini gürcülər təşkil edir. Karelinin isə bu bölgədə özünəməxsus yeri var. Şəhərdə demək olar ki, azərbaycanlılar iki məhəllədə yaşayırlar. Buna baxmayaraq hər məhəllənin öz məscidi var. Onlar milli adət-ənənələrimizi layiqincə yaşadırlar. Həbib də əsl azərbaycanlı kimi dilinə, dininə, mədəniyyətinə sadiq bir insandır.
Lakin “küləkli el” mənasını verən Karelidə daha bir maraq kəsb edən məsələ var.
Bu sakit şəhərdə illərdir hamının hörmət etdiyi güləş ənənəsi hökm sürür. Məhz bu bölgədən çıxan idmançılar Gürcüstanı beynəlxalq arenada layiqincə təmsil ediblər.
Kareliyə gedərkən yolboyu dünya çempionlarının bannerləri asılıb. Şəhərə daxil olanda isə dünya çempionu, soydaşımız Habib Mamadoğlunun bannerini görürsən.
Karelidə diqqət çəkən bir vacib məsələ də var. Burada yaşayan soydaşlarımızı digərlərindən fərqləndirən mühüm bir cəhət onların soyadları ilə bağlıdır. Hələ sovetlər dövründə burada yaşayan soydaşlarımızın soyadlarında “ov-ev” şəkilçisi olmayıb. Onlar həm də dil içində dilimizi, din içində dinimizi yaşadırlar. Hər birinin qəlbində iki Vətənə – Gürcüstana və Azərbaycana dərin bir sevgi var. Burada yaşayan soydaşlarımız Azərbaycan dili ilə yanaşı gürcü dilini də mükəmməl bilirlər.
Əslində Mamadoğlu ailəsinin yolu vaxtilə Azərbaycandan keçib.
Həbibin anası Dilarə Mamadoğlu deyir: “Biz Gürcüstanda yaşayırıq, amma əsl tərəkəmə - Qarabağ türkləriyik. Həbibin həyat hekayəsi də Azərbaycandan başlayıb. O, birinci sinfə Sumqayıt şəhərində, 33 nömrəli məktəbdə gedib. Sonra elə olub ki, Kareliyə gələsi olublar.
Anasının sözlərinə görə, Həbibin idmana marağı lap kiçik yaşlarından olub. Valideynləri onu başqa sahədə görmək istəyiblər. Lakin idmanla məşğul olmağa üstünlük verib.
“Hər ana kimi mən də istəmişəm ki, o da oxusun, başqa peşənin sahibi olsun. Bir dəfə evdə oturmuşdum. 2023-cü ilin avqust ayı idi. Həbib həmin vaxt beynəlxalq turnirdə çıxış edirdi. Birdə telefon zəng çaldı, səs gəldi ki, gözün aydın Dilarə, oğlun dünya çempionu oldu. O zaman hansı hissləri keçirdiyimi dillə ifadə edə bilmərəm. Amma deməliyəm ki, bu qələbə, nailiyyət sırf onun öz əməyinin bəhrəsi idi”, – deyə dünya çempionunun anası bildirib.
D.Mamadoğlu deyir ki, buradakı azərbaycanlılar həmişə Azərbaycan mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamağa, inkişaf etdirməyə çalışırlar.
Dünya çempionunun atası Cumber Mamadoğlu Həbibin qələbəsinə təkcə azərbaycanlıların deyil, gürcülərin də sevindiyini vurğulayıb.
Onun sözlərinə görə, Həbib gecə-gündüz çalışır ki, yenə də dünya çempionatında iştirak etsin və qələbə qazansın: “Gürcüstanın da, Azərbaycanın da qılıncını kəskin eləsin, bizi sevindirsin”.
Həbibin bacısı oğlu Elxan Talehoğlu isə deyir ki, dayısı dünya çempionu olanda çox sevinib, elə bil özü qızıl medal qazanıb.
Həbibin məşqçisi və idmançı dostları da onu çox sevirlər.
Karelidəki ciu-citsu məktəbinin baş məşqçisi Vaxtanq Tukadzenin sözlərinə görə, bölgədə idmana böyük maraq var idi. Lakin Həbibin qələbəsindən sonra bu maraq bir neçə dəfə artıb: “Uşaqları böyük həvəslə hazırlayırıq, bu gün Gürcüstan və Avropa çempionu olan yetirmələrimiz çoxdur.
“Burada böyüklər və yeniyetmələrdən ibarət qruplarımız məşq edirlər. Bu zalda tək Gürcüstan yox, dünya və Avropa çempionlarımız yetişib. Onların arasında sərbəst güləşçi Sandro Margişvili və başqaları da var.
Həbib Mamadoğlu ciu-citsu üzrə 2023-cü ildə dünya, 2024-cü ildə Avropa çempionu olub. O, eyni zamanda, beşqat Gürcüstan çempionudur.
Mütəxəssis Kareli rayonunun uğurlu idmançıların yetişdiyi məkan olduğunu söyləyib: “Burada məşhur idmançılar hazırlaşırlar. Dövlət idmançıların yetişməsi üçün hər cür maddi dəstək göstərir”.
“Biz Azərbaycanlıların əməyini yüksək qiymətləndiririk. Mən bilirəm ki, tarixboyu Azərbaycan ilə Gürcüstan arasında sıx dostluq və qardaşlıq münasibətləri olub, indi də davam edir. Biz bir-birimizi çox sevirik və dəstəkləyirik. Biz də Gürcüstan və Azərbaycan dostluğu üçün çalışırıq. Hər zaman belə olub və belə də olacaq”, – deyə baş məşqçi vurğulayıb.
Həbib Mamadoğlu da öz təəssüratlarını bizimlə bölüşüb. 20 ildir idmanla məşğul olan dünya çempionu deyib: “Son 7 ildə idmanla peşəkar səviyyədə məşğul oluram. Ciu-citsu və digər idman növləri (faytinq və qrapplinq) ilə məşğulam. Bu günədək Gürcüstan, dünya çempionu olmuşam. Avropa çempionatında da çox böyük uğurlar qazanmışam. Bunlar mənim azərbaycanlı kimi öz millətimə, soy-kökümə olan borcumdur”.
Onun sözlərinə görə, beynəlxalq arenada azərbaycanlı olaraq Gürcüstan bayrağını qaldırmaq çox da asan deyil: “Bu həm çətin, həm də qürurvericidir. Çünki sən bir azərbaycanlı olaraq böyük missiya daşıyırsan. Öz qələbənlə iki dost və qardaş xalqın necə yaxın olduğunu dünyaya göstərirsən”.
Sevindirici haldır ki, Həbib indi məşqçi kimi azərbaycanlı tələbəsini beynəlxalq arenaya hazırlaşdırır. Titullu idmançı Anardan çox şey gözləyir və inanır ki, onun uğurlarını davam etdirəcək.
Anar Mamadoğlu deyir: “Həbib müəllimdən çox şey öyrənirəm. Biz burada qohum-qardaş deyil, idmançı kimiyik. Əsas məqsədim də Həbibin uğurlarını davam etdirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə