Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi Sinqapurdakı konqresdə iştirak edib - FOTOLAR
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və baş katibi Oqtay Atayev Sinqapurda keçirilmiş Beynəlxalq Su İdman Növləri Federasiyasının (World Aquatics) konqresində iştirak ediblər. ASF-dən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində müxtəlif çıxışlar, müzakirələr, görüşlər və WA bürosuna seçkilər baş tutub.
ASF rəhbərliyi üçün konqres həm də beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcək əməkdaşlıqlar baxımından önəm daşıyır.
Zaur Əliyev WA prezidenti Hüseyn Əl-Müsəlləm, WA vitse-prezidenti və Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva, EA vitse-prezidentləri Yosip Varvodiç və Erkan Yalçın, Asiya Olimpiya Şurasının Mərkəzi Asiya üzrə vitse-prezidenti Otabek Umarov, eləcə də Belarus Üzgüçülük Federasiyasının prezidenti Olqa Brusnikina ilə görüşlər keçirib.
WA Konqresi Beynəlxalq Su İdman Növləri Federasiyasının ali idarəetmə toplantısıdır. Burada üzv ölkələrin nümayəndələri iştirak edir və təşkilatın gələcək strategiyası və siyasəti, idarəetmə və struktur islahatları, beynəlxalq yarışlar və qaydalar müzakirə olunur. Adətən konqres Dünya Çempionatı və ya Olimpiya Oyunları zamanı təşkil edilir.
Hazırda konfransla paralel Sinqapurda su idman növləri üzrə Dünya Çempionatı keçirilir. Üzgüçülük üzrə Azərbaycan milli komandası bu yarışda Ramil Vəlizadə və Süleyman İsmayılzadə ilə təmsil olunub. Onları baş məşqçi Rəşad Əbdürəhmanov və məşqçi Ruslan Hətəmxanov müşayiət edir. Qurum rəhbəri milli komanda ilə görüşüb, ətraflı söhbət edib, idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, yarış avqustun 3-dək davam edəcək. Ümumilikdə çempionatda 200-dan çox ölkədən 2500-dək idmançı iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə