Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti “1-ci dərəcə” məşqçi kursu Gəncə şəhərində start götürüb.
SİA xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən və yanvarın 20-dək davam edəcək kursda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edir.
Nəzəri və praktik hissələrdən ibarət dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilir. İştirakçılara AVF-nin Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova idman təhlükəsizliyi barədə də ətraflı məlumat verəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə