PoIis təhlükəsizliyimizin təminatıdır!

Bu gün Azərbaycan Polisi yaranmasının 104-cü ildönümü qeyd edilir. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Azərbaycan Polisi Günü — Azərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biridir və hər il 2 iyul tarixində qeyd edilir.

Bəs, bu günün tarixi hara söykənir? Bu gün necə yaranıb?

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Xalq öz polisini sevməli və ona hörmət etməlidir. Çox müsbət haldır ki, bu gün bu hörmət var. Bu sözləri Ulu Öndər Heydər Əliyev də qeyd edib: “Azərbaycan xalqı Azərbaycan polisini sevməli, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyə, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərə, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam.

Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz”.

Polislərin bugün və keçmişimizdə çox böyük rolu olub. Gəlin, bu tarixə birlikdə nəzər salaq.

Polislərin, xüsusilə Birinci Qarabağ müharibəsində olan rolu danılmazdır. Belə ki, bu müharibə zamanı xeyli sayda şəhid və qazi polislər olub. Qeyd edək ki, o zaman nizami hissələr bugünki səviyyədə deyildi.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq hünərlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

2003-cü ilində Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu sahədə daha böyük irəliləyişlər baş verdi. Nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Qeyd edək ki, pandemiya ilə mübarizə zamanı da polislərin çox böyük rolu olub. Onlar xalqın çətin günlərində üzərlərinə düşən işi layiqincə yerinə yetiriblər. Polislər xalqımızın sağlamlığı üçün bu gün də gecə-gündüz xidmətdədirlər.

Daxili işlər orqanları əməkdaşları barədə şifahi müraciətlər DİN-in “102” xidməti-zəng mərkəzi sistemi tərəfindən qəbul edilir və bu təlimata uyğun olaraq operativ qaydada qeydiyyata alınaraq baxılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunur. 2014-cü ildən isə Baş Dövlət Yol Polisi İdarəsində “Qaynar xətt - 902” xidməti yaradılıb.

Bütün bunlarla kifayətlənməyərək əlçatan olmaq üçün internet üzərindən yaradılmış rəsmi polis səhifələri var. Bunlardan “www.mia.gov.az” , “www.dyp.gov.az” , “asanpay.az”, “polisazerbaycan” kimi portalların adlarını sadalamaq olar.

Hazırda xüsusi texniki vasitələr vasitəsilə qayda pozuntuları aşkarlanır, avtomobillərin yeri müəyyənləşdirilir. Eyni zamanda təhlükəsiz şəhər kameraları quraşdırılıb. Nömrə oxuyan cihazlar mövcuddur və müasir innovasiyalardan istifadə olunur. Bunun nəticəsidir ki, ümumi tərtib olunan inzibati xəta üzrə protokalların 70 faizə yaxını artıq polis-vətəndaş münasibəti olmadan, yəni texniki vasitələrlə aşkarlanır. Bu da əlavə narazılıq və mübahisələrin qarşısının alınması üçün çox yaxşıdır. Bütün bunlar bu sahədə olan yüksək inkişafın göstəricisidir.

Paytaxt polisi isə xüsusi vurğulanmalıdır. Paytaxt Bakıda polisin fəaliyyəti və iş rejimi olduqca gərgindir. Burada da onların əziyyətini inkar etmək olmaz. Ümumi Respublika ərazisində 1 milyon 700 min nəqliyyat vasitəsi var ki, onun da 70 faizi paytaxtda idarə olunur. Bu da kifayət qədər böyük rəqəmdir. Çox dinamik bir həyat tərzi keçirilir.

Polis əməkdaşları vətəninə olan sevgisini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Polisimiz Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Ölkəmizdə olan dinc həyat üçün Azərbaycan polisinə təşəkkür edirik.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə