Kəsilən qurbanlar hara gedir? - MÜSAHİBƏ

Aİİ-nin müəllimi, din xadimi İbrahim Quliyevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

-Qurban bayramının mənəvi tərəfi dedikdə nə nəzərdə tutulur?

- Qurban bayramının mənəvi amilləri terminlərin içərisində gizlənib. Qurban sözünün hərfi mənası “Allaha yaxınlıq” deməkdir. Bundan əlavə, Qurbanın əlavə 5-6 sinonim sözləri var. İnsan qurban kəsməklə öz əməl dəftərində olan günahları yoxa çıxarmış, Rəbbinə tərəf gedən yolu aydınlaşdırmış olur.

- Qurani-Kərimdə Qurban bayramı ilə bağlı ayə var?

- Ümumiyyətlə, Qurani-Kərimdə qurbanlıqla əlaqədar xüsusi olaraq Həcc surəsi var. Bundan başqa Bəqərə və Ali-İmran surəsində qurbanlıqla əlaqədar bir neçə məsələ var. Qurani-Kərimə görə qurbanlığın tarixi ilk insanla əlaqədardır.

- Qurbanlıqda niyə qurban kəsilir? Bunun bir elmi əsası varmı?

- Bunun elmi əsasını bir neçə elmi istiqamətdə təhlil etmək olar. Birincisi tarixşünaslıq nöqteyi-nəzərdən ki, insanların müxtəlif dövrlərdə özünəməxsus qurbanlıq ayinləri var idi. İlin müəyyən günlərində həmin ayini icra etmək üçün bəzən xanımlar arasından biri seçilərək qurban kəsilirdi.

Bəzi toplumların qurbangahı var idi ki, burada da ilin müəyyən günlərində qurban kəsilirdi. Bu qurbanlar bütlərin önündə kəsilirdi. Ərəblər ildə bir dəfə “Bəvanə” adlanan yerdə qurban kəsirdilər.

İslam dini gəlməklə insanların təfəkküründə olan bu mənasız ayin aradan götürülmüş oldu. Yəni, insanın insan tərəfindən və ya insanın bütlər qarşısında qurban kəsilməsini ləğv etdi. İslam insanların təfəkkürünü təmizlədi.

İkinci elmi əsası odur ki, insanlar qurban kəsməklə bir-biriləri arasında sosioloji nöqteyi- nəzərdən bağlılıq yaratdılar.

Üçüncü əsas da odur ki, qurbanın nə əti, nə də qanı Allaha çatmaz. Allaha yetişən yalnız sizin təqvanızdır. Təqva insanın imanının əsas göstəricisidir. İnsan qurban kəsməklə özünü Allaha yaxınlaşdırmış olur.

- Həcc ziyarəti zamanı kəsilən qurbanın fərqi nədir?

- Həcc ziyarəti müstəti olan şəxslərə vacibdir. Müstəti hərfən bacarığı və imkanı olan mənasındadır. Özündə bir neçə məsələni əhatə edir. İlk öncə insan fiziki baxımdan sağlam olmalıdır. Xəstə adam həcc səfərinə çıxa bilməz, şəriət buna icazə vermir.

İkincisi zəngin olmalıdır. Zəngin o mənada ki, həcc ziyarətində olduğu müddətdə həm orada özünü, həm də qayıdıb evinə gələnə qədər ailə özü-özünü təmin etməyə qadir olmalıdır.

Üçüncüsü yol təhlükəsizliyidir. Əgər bir insan hiss etsə ki, yolda onun üçün əmin-amanlıq yoxdur, o zaman səfərə çıxa bilməz.

Həcc ziyarətində olan adam öncədən öz işini bildiyinə görə, qurbanlığın pulunu da özü ilə aparmış olur və mütləq qurbanını kəsir. Əgər bir adam həcc ziyarətində olduğu təqdirdə qəsnən qurban kəsməzsə, onun həcci batil hesab edilir. Çünki ayinlərdən biri də minada qurbanın kəsilməyidir.

- Ərəbistanda hər həcc mövsümündə milyonlarla qurban kəsilir. Bu qurbanlar hara gedir?

- Orada bu işlə məşğul olan xüsusi bir nazirlik var. Bu, Həcc nazirliyidir. Buna görə Səudiyyə Ərəbistan dünyada yeganə ölkədir. Bütün ziyarətlər filan burada həyata keçirilir. Onlar öncədən hər ölkədən nə qədər adam gələcəyini bilirlər. Buna görə də qurbangahlığa heyvanlar gətirilir. Söhbət milyonlardan gedir.

İslama görə şikəst və xəstə heyvanların qurban kəsilməsinə icazə verilmir. Ona görə ora çıxarılan heyvanların hamısı öncədən yoxlanılır və onlar xüsusi qeydiyyata alınır.

Daha çox insan keçi və qoyun qurbanı kəsir. Hətta camış və kəl də kəsilir.

Bir də vəhşi növ heyvanları qurban kəsmək olmaz. Məsələn ceyranı qurban kəsmək olmaz. Həmçinin, quş növündən olan heyvanları da qurban kimi kəsmək olmaz.

Orada qurban əllə, qiblə istiqamətində kəsilir. Bütün qaydalar düzgün edilir.

Sonradan həmin o nazirlik kəsilən heyvanları hesablayır. İl ərzində olan statistika hesablanır. Bu ətlər sosial vəziyyəti aşağı olan ölkələrə göndərilir. Daha çox Afrika ölkələrinə üstünlük verilir. 1990-cı illərin ortalarında Azərbaycana da göndərilirdi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə