Qurban bayramında hansı qaydalara riayət olunmalıdır? - ARAŞDIRMA

İslam dünyasının həsrətlə gözlədiyi mübarək Qurban bayramında möminlərin beynində bir çox suallar yaranır. Allah qarşısındakı vəzifələrin tam və düzgün yerinə yetirilməsi üçün internetdə Qurban bayramının nə vaxt olması, qurban kəsmək vacibdirmi və ya necə qurban kəsmək kimi suallar tez-tez araşdırılır.

Qurban bayramı nə vaxtdır? Neçə gün tətil olur?

Qurban bayramı Fitr bayramı kimi Ərəfə günü ilə başlayır. 2022-ci ilin Qurban bayramı cümə günü, iyulun 8-i Ərəfə günü başlayır və tam 4 günlük tətil müddətindən ibarətdir. 9, 10, 11, 12 iyul 2022-ci il tarixlərini Qurban bayramının rəsmi günləri kimi xatırlamaq olar. Bu bayramı sevdiklərinizlə keçirmək üçün yaxşı fürsət ola bilər.

2022-ci ildə də Qurban bayramı yenidən coşqu ilə qeyd olunacaq.

Qurban necə kəsilir?

Qurban bayramının nə vaxt və hansı gün olduğunu bildikdən sonra qurban axtarışına başlanır və təbii ki, qurbanın ən doğru şəkildə kəsilməsi üçün bütün detallara diqqət yetirilir.

Qurban kəsmə vaxtı, bayram namazı qılınan yerlərdə bayram namazından sonra, bayram namazı qılınmayan yerlərdə sübhdən sonra başlayır.

Kəsiləcəyi mühitdə diz boyu bir çuxur qazılmalıdır. Qurbanlıq heyvanın gözləri örtülməlidir. Qurban qibləyə sol tərəfə kəsilir. Onların ayaqları da bağlanmalıdır.

3 dəfə bayram təkbirləri deyildikdən sonra qurbanın boğazı kəsilir. Bəsmələ oxunduqdan sonra heyvan dərhal kəsilməlidir.

Bundan əlavə, dəstəmazlı şəxsin qurban kəsməsi daha məqbuldur.

Qurban kəsmək fərzdirmi? Vacibdir?

Qurban kəsmək maddi imkanı olanlar üçün dini bir vəzifədir. Əgər insanın çoxlu borcu varsa və maddi vəziyyəti evini dolandırmağa kifayət etmirsə, qurban kəsmək onun öhdəsində deyil.

Qurban namazı necə qılınır? Necə niyyət etmək olar?

Dini mənbələrdə qurban duasının olmadığı bildirilir. Lakin qurban kəsən şəxsin şükr üçün dua etməsinin savab olacağı bildirilir.

Bəs, Qurban namazı necə qılınır, nə vaxt qılınır?

Namaza gedən adam 2 rükət namaz qıla bilər. Qurban bayramı namazına piyada getmək böyük savablar gətirir.

Əgər Qurban bayramı cümə gününə təsadüf edərsə, cümə namazı da qılına bilər.

Qurban bayramı namazı tək deyil, fərqli ruhanilər oxuna biləcək duaları təklif edirlər. Ən əsası qurban vaxtı bəsmələ oxumaqdır.

Qurban nə zamana qədər kəsilir? Ərəfə günü qurban kəsilirmi?

Qurban bayram namazından sonra istənilən vaxt kəsilə bilər.

Qurbanlıq neçə nəfərə paylanır?

Qurban paylanacaq insanların sayı dəqiq rəqəm deyil. Qurban payının neçə nəfərə verildiyi sualından daha vacib olan, onun uyğun adamlara verilməsində həssaslıq göstərməkdir.

Qurban əti paylamaq üçün ətrafınızdakı ehtiyacı olan insanlar haqqında məlumat əldə etməli və onları evdə yaşayanların sayına görə bölməlisiniz.

SİA Qurban bayramı haqqında araşdırma edərək din xadimlərinin fikirlərini öyrənib.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev:

"Allahın qüdrətinə şükürlər olsun ki, Allah-təala bu il də Qurban ayını bizə nəsib edir. Qurban sözünün mənası adından bəlli olduğu kimi “yaxınlıq” deməkdir. Yəni, bu, Allaha yaxınlıqdır.

Qurbanın çox qədim tarixi var. Qurbanın tarixi İslam dini baxımından təkallahlılığa söykənir, hənif dinində tək Allaha əqidəsi olan İbrahim peyğəmbərin zamanından Qurban tarixi bizə məlumdur və bu məşhur tarix bu günə kimi yaşanır. Qurban bayramı insanlıq üçün çox dəyərli bir gündür və geniş tarixi var.

Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz Xəlili (dostu) İbrahim peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Amma ümumi nəticə odur ki, Allah istəməz ki, kimsə onun üçün övladını qurban versin. Allah İbrahim peyğəmbəri həm imtahan etdi, həm də insanlara göstərdi ki, övladlarınızı Allah adına göstərilən qüvvələrə qurban etməyin. Bu ənənə Məhəmməd peyğəmbərin zamanına kimi yaşanıb.

İslamda ən böyük bayramlar Ramazan və Qurban bayramıdır. Hər bir maddi imkanı olan insan minimum bir qoç qurbanı kəsməlidir. Buna da diqqət etsinlər ki, minimum qurbanlıq İsmayıl qurbanı adlanır. Qoçun rənginin fərqi yoxdur, yaşı 6 ayı keçməlidir. Qoç 8 ay və 1 illik olsa çox yaxşı olar. Həmçinin, bütün əzaları yerində olmalıdır. Kəsilən qoç arıq olmamalıdır. Çünki kəsilən heyvanlar fəqirlərə paylanılır.

Hind toyuğu, xoruz və digər quşların kəsilməsi İslamda qurban sayılmır. Minimum qurban qoyun və keçidən ola bilər. Dana, öküz və dəvədən qurban kəsilə bilər. Maksimum heyvan dəvədir.

Qurbanlıq 3 hissəyə bölünməlidir. Onun hər əzası o 3 hissəyə qatılmalıdır. Bir hissəsini qurban kəsən insan öz ailəsinə, qalan 2 hissəsinindən birini yaxın qohum əqrəbalarından olan yoxsullara, əgər onlar yoxdursa qonşularından və ətrafdan tanıdığı fəqirlərə verməlidir. Əgər özünün də o ətə ehtiyacı yoxdursa, kəsdiyi heyvanın hamısını paylamalıdır. Bu, qardaşlıq və paylaşmadır. Qurban kəsən şəxs payı insafən paylamalıdır.

Bayram günündə süfrə açmaq olar, həmçinin Qurban bayramı namazı qılınır. Bayramda yoxsullar və xəstələr axtarılır, qocalara və qohumlara baş çəkilir. Bu bayramda hamı bir-birinə qarşı mehriban və səmimi olur. Kiçiklərə geyim almaq və onları gəzməyə aparmaq da olar. Həmçinin, qəbirüstə gedənlər də var”.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev isə öz fikirlərini bu cür ifadə edib:

“Hədis mənbələrində qurbanlıq və onun əhəmiyyəti

1. Qurban sözünün etimologiyası

Qurban Qurani-Kərim və hədisi mənbələrində müxtəlif sözlərlə ifadə olunmuşdur. Onlardan biri “hədy”, digəri isə “udhiyyə”dir. Hər iki söz sinonim olsa da, aralarında ciddi məna fərqləri vardır. Belə ki, “hədy” dilimizdə də işlətdiyimiz hədiyyə sözünün kökü olub hərfən “doğru yol” mənasını bildirir. Hədiyyə sözü ona görə belə adlanır ki, o insanlar arasındakı kin-küdurət və düşmənçiliyi aradan aparır və beləliklə də insanları doğru yola yönəltmiş olur. Həzrət Peyğəmbər bu haqda belə buyurmuşdur: “Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz. Hədiyyələşsəniz aranızdakı kin-küdurətlər yox olar” (əl-Albani (1). Hədis № 3004), yaxud da “Bir-birinizə hədiyyə verin, çünki hədiyyə qəlbinizdəki vəsvəsəliyi yox edər” (ət-Tirmizi. Hədis № 2130). Həmçinin “hədy” sözü dilimizdəki “hidayət” sözünün kökü hesab edilir. Hidayət sözü də “doğru yol” mənasındadır. Çünki insan hədiyyə verməklə başqalarını doğru yola yönəltmiş olur. Bunu biz həzrət Peyğəmbərin həyatında da görə bilərik. Belə ki, onun Səfvan bin Ümeyyəyə hədiyyə verməsi nəticəsində Səfvan islam dinini qəbul etmiş və onun Peyğəmbərə qarşı olan sonsuz kin-küdurəti məhəbbətə çevrilmişdir (ən-Nisaburi. Hədis № 2313). Bunu da qeyd edək ki, “hədy” yalnız həcdə kəsilən qurbanlığa deyilir. Ona görə ki, müsəlmanlar bu qurbanı kəsməklə Uca Allaha tərəf qədəm götürmüş və nəticədə hidayət tapmış, doğru yola yönəlmiş olurlar.

“Udhiyyə” sözü isə lüğətdə “dəhv” kökündən əmələ gəlmiş və “səhərin erkən vaxtı”, “bir şeyin bəlli və aşkar olması” mənalarını bildirir. Qurbanlıq sözünün bu mənanı daşımasının əsas səbəbi insanın qurban ayininə əməl etməsi ilə öz Rəbbinə tərəf gedən yolu aydınlaşdırmasına, müəyyən etməsinə görədir. Çünki insan qurban kəsməklə özünün daxili inancını, Allah-Təalaya olan etiqadını bəlli və aşkar etmiş olur. Həmçinin qurbanın “udhiyyə” adlanmasının səbəbi adətən qurbanlıq heyvanın səhər erkən kəsildiyinə görə ola bilər.

“Qurban” sözü də ərəb mənşəlidir. Həm Qurani-Kərimdə, həm də hədis mənbələrində öz əksini tapıb. Söz hərfən “yaxınlaşmaq” və “cinsi münasibətdə olmaq” mənalarını bildirir. Dilimizdəki “əqrəba” sözü də buradan yaranıb. Çünki insan cinsi münasibət qurmaqla (evlənməklə) yad insanlarla qohumluq bağı bağlamış olur. Həmçinin bir insan qurban kəsməklə Uca Allaha yaxınlaşır. Bundan əlavə, sözün “ifrat və təfritdən çəkinərək orta yol tutması” mənası da onu göstərir ki, insan qurban kəsməklə özünü ifrat-təfritdən uzaqlaşdırır və Rəbbinin doğru yolu olan orta yola yönəlir. Buna görə də bir çox hədislərdə qurban kəsmək təkidlə tövsiyə edilir.

Bütün bu deyilənlərlə yanaşı, qeyd etmək lazımdır ki, Quran və hədis mənbələrində “qurban kəsmək” mənasını bildirən digər bir neçə söz də vardır. Onlardan “zibh” və “nəhr” sözlərini qeyd etmək olar. Hər bir söz sinonim olsa da, onların aralarında ciddi məna fərqləri müşahidə olunur. Belə ki, “zibh” sözü işləndiyi zaman mal-davarın (dana, qoyun və s.) boğazının kəsilməsi başa düşülür. “Nəhr” sözü isə dəvənin kəsilməsi deməkdir.

Beləliklə, qurbanlıq islam mədəniyyətində müstəsna yerə sahib olan ayinlərdən biri olduğu üçün hədis mənbələrində onun “udhiyyə”, “hədy”, “qurban”, “mənasik”, “bədənə”, “dəm”, “zəbihə”, “əqiqə” və s. sözlərlə ifadə olunduğunun şahidi oluruq.

2. Qurbanın növləri

Hədis mənbələrində kəsilməsi tövsiyə edilən qurbanlar bir neçə növə ayrılır.

“Əqiqə qurbanı.” Əqiqə lüğətdə “şimşək kimi parlamaq” mənasını bildirir. Şəriət terminologiyasında isə yeni doğulmuş uşağın adına kəsilən qurbanlığa deyilir.

İmam Əlidən nəql olunan bir hədisdə belə deyilir: “Allahın Rəsulu oğlum Həsən üçün bir qoyunu əqiqə olaraq kəsdi və qızı Fatiməyə buyurdu: “Ey Fatimə! Onun başını qırx və saçının tükü ağırlığında gümüş sədəqə ver.” Fatimə uşağın saçını çəkdi və o bir dirhəm və ya ondan bir az artıq gəldi.” (ət-Tirmizi. Hədis № 1519).

İmam Cəfər Sadiq (699-765) əqiqə qurbanının əhəmiyyətindən və insanın sağlamığındakı rolundan danışarkən buyurmuşdur: “Bütün insanların sağlamlığı fitrətinin, bütün doğulmuş uşaqların sağlamlığı isə əqiqənin girovundadır” (əl-Burucerdi. Hədis № 1213).

Xatırladaq ki, “əqiqə” sözü həm də “yeni doğulmuş uşağın tükü” mənasını bildirir. Ola bilsin ki, yeni doğulmuş uşağın saçı miqdarında sədəqə verilməsi və onun adına “əqiqə” qurbanının kəsilməsi həm uşağın hər növ xəta-bəladan uzaq olmasına, həm də onun həyatının şimşək kimi nurlu və parıltılı olmasına görədir.

“Nəzir qurbanı.” Nəzir sözü lüğətdə “İnsanın yerinə yetirməyi öhdəsinə götürdüyü, vəd etdiyi bir şey” deməkdir. Nəzir, insanın Allah-Təala üçün xeyir bir iş etməyi, ya da edilməməsi daha yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir. Nəzir qurbanı da Uca Allah üçün kəsilməsi əhd edilən qurbandır. Nəzir qurbanı digər qurbanlar kimi vacib qurbanlar növündən (qoyun, keçi, inək, dəvə) olmalıdır. Deməli, quş və ya vəhşi növdən olan (məs; ceyran və s.) heyvanları qurban kəsmək üçün nəzir etmək olmaz.

Nəzir qurbanının ətindən nəzir edən şəxsin yeyib-yeməməsi haqqında müxtəlif görüşlər vardır. Cəfəri məzhəbinə mənsub alimlərin əksəriyyətinə görə, nəzir edən şəxs kəsdiyi qurbanın ətindən yeyə bilər. Lakin Hənəfi və Şafei məzhəbinə mənsub alimlərə görə, nəzir qurbanını kəsən kimsə və onun ailə üzvləri qurbanlıq ətdən yeyə bilməz. Əgər yesələr bu halda yedikləri ətin miqdarına uyğun olan pulu sədəqə olaraq verməlidirlər.

“Udhiyyə qurbanı.” İbadət məqsədi ilə bayram günlərində nəzərdə tutulmuş hər hansı bir heyvanı qurban kəsməyə, həmçinin bu məqsədlə kəsilmiş heyvana deyilir. Deməli, Qurban bayramından ötrü kəsilən qurbanlar udhiyyə adlanır.

“Hədy qurbanı.” Həc və ümrə əməlləri ilə bağlı kəsilən qurbana hədy qurbanı deyilir. Bu qurbanın adından da göründüyü kimi, onu Kəbə və həndəvərində olanlara hədiyyə etmək üçün kəsirlər. Hədy qurbanı yalnız Hərəm bölgəsində kəsilməlidir.

“əl-İhsar qurbanı” sözü lüğətdə “əngəlləmək”, “mane olmaq” mənalarını bildirir. Dini mənbələrdə isə “ihsar” dedikdə həc və ümrə ziyarətində olan bir şəxsin hər hansı bir maneə üzündən ziyarətin vacib bir hissəsini yerinə yetirə bilməməsi nəticəsində həmin əməli əvəz etməsi üçün bir qurban kəsməsinə deyilir. Uca Allah Qurani-Kərimin “Bəqərə” surəsinin 197-ci ayəsində “Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin!” – deyə buyurmaqla müsəlmanın ziyarət əsnasındakı yarımçıq qalan əməlinin tamamlanmasını istəmişdir.

“Kəffarə qurbanı.” Kəffarə dinin hər hansı bir qadağasını pozan şəxsin öz günahını bağışlatması üçün etməli olduğu əmələ deyilir. Günahlar müxtəlif olduğundan onları törədən şəxsin də həmin günaha görə kəffarə (cərimə) ödəməsi lazımdır. Məsələn, bir insan ramazan ayının orucunu pozarsa, ona görə kəffarə ödəməsi lazımdır. Deməli, kəffarə törədilmiş hər hansı bir günahın bağışlanması üçün ödənilən cərimədir. Kəffarə qurbanı da bu mənadadır. Belə ki, bir müsəlman öz andını qəsdən pozarsa, qazandığı günahı bağışlatması üçün bir qurban kəsməlidir. Lakin kəsdiyi qurbanın ətindən özü və ailə deyil, məhz digərləri yeməlidirlər. Bu haqda hədis mənbələrində belə nəql olunur: “İmam Cəfər Sadiq belə nəql edir ki, bir şəxs İmam Əlidən soruşdu: “İnsan kəffarə qurbanının ətindən yeyə bilərmi?” İmam Əli buyurdu: “Xeyr! Çünki o Uca Allah üçün kəsilmiş qurbandır” (əl-Amili. Hədis № 19002).

3. Qurban kəsməyin əhəmiyyəti

Qurban ibadətinin islamda çox böyük dəyəri və savabı vardır. Uca Allah Qurani-Kərimdə qurban kəsməyi təqvalı insanların əsas xüsusiyyətlərindən biri kimi qeyd etmiş, qurbanın qohum-əqraba və yoxsullar arasında paylanmasının sosial əhəmiyyətinin oldununu bildirmişdir. Belə ki, Allah-Təala “Həcc” surəsinin 37-ci ayəsində “Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!” – deyə buyurmaqla həm də qurban kəsməyin yaxşı əməllərdən biri olduğunu müsəlmanların diqqətinə çatdırmışdır.

Həzrət Peyğəmbər hədisi-şəriflərinin birində “Allah yanında ən fəzilətli gün qurban günüdür”, - deyə buyurmaqla bu günün üstünlüyünü bildirmişdir (əl-Albani (2). Hədis № 1502). Habelə həzrət Fatimənin “Qurbanı kəsdiyiniz zaman onun yanında dayanın və bu işə şahid olun. Çünki qurban kəsilən heyvanın qanı yerə tökülən zaman günahların bağışlanmış olur”, - deyə buyurması onu göstərir ki, qurban kəsmək insanın günahlarının bağışlanması üçün bir vəsilədir. Qurban kəsməyin çox böyük savaba malik olduğunu bildirən İmam Əli isə belə buyurur: “Əgər insanlar qurban kəsməkdə hansı əzəmətin olduğunu bilsəydilər, borc alıb qurban kəsərdilər” (əl-Amili. Hədis № 19004).

Hədislərdən belə başa düşülür ki, qurban kəsməyin çox böyük savabı vardır. Təkcə Qurban bayramı günü deyil, həmçinin digər günlərdə də qurban kəsmək çox tövsiyə edilmişdir. Belə ki, həzrət Peyğəmbər hədislərinin birində “Qurban günü Adəm oğlu Allah üçün qan tökməkdən daha sevilən bir iş görməmişdi. Qurbanlıq heyvanı qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələcəkdir. Qurbanın qanı yerə düşməmiş Allah tərəfindən qəbul edilir”, - deyə buyurmaqla qurban kəsməyin Uca Allahın yanında böyük bir savab olduğunu bildirmişdir (ət-Tirmizi. Hədis № 1493; əl-Qəzvini. Hədis № 3126).

Bütün bunlarla yanaşı, həzrət Peyğəmbərin özü, ailəsi və ümməti adından qurban kəsməsi də hədis mənbələrində öz əksini tapmışdır. İmam Cəfər Sadiqdən nəql olunan bir hədisdə deyilir: “Allahın Rəsulu iki qoçu qurban kəsdi və belə dedi: “İlahi, bu, mənim, Əhli-beytimdən və ümmətimdən qurban kəsməyənlərin adındandır” (əl-Amili. Hədis № 18991). Həmçinin Əbu Bəsir adlı bir səhabə İmam Sadiqdən “Udhiyyənin (qurban kəsməyin) səbəbi nədir?” – deyə soruşması və cavabında “Qurbanın qanının ilk damlası yerə düşərkən Uca Allah o şəxsin günahlarını bağışlayar...” (əl-Amili. Hədis № 18996).

Hədislərdən də belə başa düşülür ki, Uca Allaha yaxınlaşmaq üçün insan sevdiyi şeylərdən, öz malından-mülkündən Allah-Təalanın razılığını qazanmaq üçün fəda etməsidir. Qurbanlığın tarixi ilk insan həzrət Adəmin dövründən başlasa da, hazırda qeyd etdiyimiz Qurban bayramı həzrət İbrahimin adı ilə bağlıdır.

4. Qurbanlıq heyvanlar

Qurban kəsilən heyvanlara gəldikdə isə, qeyd etmək lazımdır ki, qurbanlıq dəvə, inək (camış), qoyun (keçi) növündən olmalıdır. Quş növündən və vəhşi heyvanlardan (ceyran və s.) qurban kəsmək olmaz. Qurban kəsiləcək heyvan isə sağlam, qüsursuz olmalıdır. Xəstə və qüsuru olan (məs; buynuzu sınıq, gözü kor və s.) heyvanları Allah yolunda qurban etmək doğru deyil.

Qurban kəsildikdən sonra onun əti kasıblar, yoxsullar, maddi imkanı zəif olan, həmçinin qonşular və yaxın qohumlar arasında bölüşdürülməlidir. İnsan kəsdiyi qurbanın hamısına sahib ola bilməz. Ən azı üçdə birini paylamalıdır, lakin daha yaxşı olar ki, az miqdarda özü və ailəsi üçün götürüb, yerdə qalan çox hissəni qeyd etdiyimiz şəxslər arasında bölüşdürsün.

Qurban bir ibadət növü olduğu üçün onu kəsən şəxsin ağıllı, maddi imkanı yerində olması şərti irəli sürülür. Lakin qurban kəsən şəxsin buluğ həddinə yetişməsi (yetkinlik yaşına çatması) şərt deyil. Çünki onun adından qəyyumu qurban kəsə bilər. Həmçinin qurbanın ətini paylamaq fürsəti olmadığı bir səfərdə olan (Həcc istisna) şəxsin də qurban kəsməsi doğru hesab olunmur. Çünki qurbanın ətinin Allah yolunda paylanması şərti olduğundan səfərdə olan şəxsin bu şərtə əməl etməsi mümkünsüz görünür.

Qurbanın kəsilməsi üçün müəyyən vaxtlar vardır. Əgər şəxs İsmayıl qurbanını kəsirsə, bu, Qurban bayramının birinci, ikinci və üçüncü günü olmalıdır. Amma digər növdən olan qurbanları istədiyi vaxt kəsib paylaya bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə