Ailədə söz sahibi KİM OLMALIDIR? - YENİ YANAŞMALAR - SORĞU

Bir gəminin iki kapitanı, bir ordunun iki başçısı, bir məmləkətin iki sultanı olmaz, ola bilməz və olmamalıdır. Keçmiş mədəniyyətimizin gətirdiyi bəzi qavrayışlar azəri kişilərini “Nə desəm olar, evin başçısı mənəm!” deməyə vadar edir kimi bəyanatlara səbəb olur. Kişi son sözü dediyini iddia etsə də, burada qadının da gizli rolu var. Bəs, görəsən, insanlar bu mövzuda necə düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Azər Hüseynov: “Biz əvvəllər görüb götürdüyümüzə görə evdə kişinin sözü keçməlidir. Çünki bizim babalarımız da evdə sözü keçən insanlar olublar. Həm də Azərbaycan mentaliteti ilə götürdükdə, təbii ki, kişinin sözü keçməlidir”.

Şəhər sakini Zenfira Bədəlova: “Aydın məsələdir ki, ailədə qadın və kişi bir-birinə hörmət etməlidirlər və bir-birilərinin sözünü dinləməlidirlər. Yəni, mən ailəmdən belə görmüşəm. Bizim ailəmizdə kişi demək olar öz işləri ilə məşğul olur və qadın da həmçinin, bir-birinə qarışmırlar. Qərarlar veriləndə də birlikdə məsləhətləşib verilir”.

Şəhər sakini Nazim Balabəyov: “Mən düşünürəm ki, evdə əsasən söz sahibi kişi olmalıdır. Düzdür, son zamanlar belə bir şey də var ki, qadınlar istəmirlər idarəçilik kişilərdə olsun. Lakin mən belə düşünürəm ki, idarəçilik kişidə olsun, hər iki tərəfin fikirləri üst-üstə düşə bilər. Ola bilər ki, qadın hər hansı bir fikir deyə bilər və bu fikir də kişinin ağlına bata bilər. Ona görə də hər iki tərəfin fikri ödənilməlidir, amma sonda qərarı kişi verməlidir”.

Şəhər sakini Vüsalə Əlövsətqızı: “Şərq ailə psixologiyasına baxsaq, ümumiyyətlə, kişi həmişə üstün olur. Lakin düşünürəm ki, evdə bir nəfər qərarları verməlidir. Elə şeylər var ki, orada kişinin sözü keçilməlidir, elələri də var ki, o məsələdə qadının məsləhəti icra olunmalıdır. İki nəfər olduqda aləm bir-birinə qarışır. Son dövrlərdə görürük ki, Azərbaycanda qadının fikirlərinə önəm verilir, bu da çox sevindirici bir haldır. Əvvəlki dövrlərə görə kişi əlini masaya vurub sözünü deməlidir kimi düşüncələr bu günün gəncləri sayəsində geridə qaldı. Bəzən də bu məsələ barəsində gənc və yaşlı nəsil arasında mübahisələr yaranır. Fikrimcə, sonda sözü kişi deməlidir, ancaq kişi də ailə üzvlərinin təsdiqini almalıdır”.

Şəhər sakini Kərim Miriyev: “Azərbaycanda belədir ki, hər şey mentalitet üzərində qurulur. Kişinin kişi yeri var, qadının isə qadın yeri var. Bu gün ailədə yaranan problemlərin başlıca səbəbi bu mövzu üzərində qurulur. Belə ki, bəzi yerlərdə kişi işçi tələb etmirlər, məcburi olaraq qadın evə qazanc gətirir. Nəticədə də qadın evdə qərarları verməyə başlayır, sonra isə evdə kişi sayılmır. Ona görə də belə problemlər yaranır. Məncə, kişi öz qadınını işləməyə, əziyyət çəkməyə qoymamalıdır. Çalışmalıdır ki, evə qazanc gətirsin və evdə də sözü keçsin”.

Şəhər sakini İradə Qasımova: “Düzdür ailə üzvlərinin hər birinin söz haqqı olsa da, son sözü və qərarı kişi verməlidir. Bizim də ailəmizdə yoldaşım qərar vermədən öncə bizim də fikirlərimizi alır, sonra lazımi qərarlar verir. Ailələr fərqlidir və bu proses hər bir ailədə fərqli şəkildə həyata keçirilir. Düşünürəm ki, söz sahibi kişi olmalıdır”.

Şəhər sakini Vaqif Quliyev: “Birincisi, ailədə kişi ilə qadın bir-birinin sözünə, məsləhətinə inanmalıdır ki, onların ailəsində mehribançılıq olsun. Mən şəxsən öz ailəmdə çox şeyi yoldaşımdan məsləhət alıram və bu ailəiçi söhbətlərə aiddir. Kənarda olduqda isə işimlə və s. qərarları təbii ki, özüm verirəm. Lakin ailədə münasibətdə birlik olmalıdır, ailəni güclü saxlayan da bu birlik və qarşılıqlı hörmətdir. Belə olduqda ailədə olan uşaq da tərbiyəsini düzgün götürür. Məsələn, nəvələrim baxır ki, babası və yaxud nənəsi yaxşı bir davranış göstərir, o da bunu görüb götürür. Sonra böyüyəndə də bu davranışları öz ailəsində sərgiləyəcək”.

Şəhər sakini Samir Əliyev: “Həyatda insanlar müxtəlifdir, ona görə də buna uyğun standart proqram yoxdur. Fikrilər müxtəlif ola bilər, ailədə də kim ağıllıdırsa, o, son qərarı verməlidir. Söz sahibi ağılsız insan da olsa, onda ailə qısa zamanda dağılır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə