Qəlb şairimizin adını yaşadan, qəlbimizdən ayrılmaz Füzuli - MƏQALƏ

Qədim dövrlərdən “ad taledir” deyimi, adın taleyə sirayət etməsi inancı mövcuddur. Bu yalnız insanın insana verilən adı yox, insanın məkan adlarını götürməsi kimi, məsələn Gəncənin adını götürən dahi Nizami Gəncəvi, Şirvanın adını götürən Seyid Əzim Şirvani və sairlərini göstərməklə yanaşı, bununla bərabər bəzi yerlərə də, dahi şəxslərin adları verilmişdir. Bu yerlərdən biri də könül mülkümüzün sultanı sayılan dahi Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonudur.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və aşağı sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. İnzibati ərazi vahidi kimi rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur.

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırıldı.

1988-ci ildən başlayan mənfur qonşumuz Ermənistan torpaqlarımızı işğal etməyə başladı və 23 avqust 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olundu. 05 yanvar 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin qətiyyəti və əzmi sayəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Füzulinin işğal olunmuş 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edildi.

“Füzuli rayonunda torpaqlarımızın bir qismi geri alınıb, erməni işğalçıları oradan qovulub. Lakin bu, işin yalnız başlanğıcıdır Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını biz azad etməliyik”.

Hər zaman torpaqları azad etmək, düşmənə qələbə çalmaq arzusu ilə yaşayan Azərbaycan xalqı və prezidenti Ulu Öndər Heydər Əliyevin bu tarixi çıxışını, vəsiyyətini unudmadı. 30 ildən sonra, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının başçılığı ilə, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi. Uzun bir fasilədən sonra müqəddəs Azərbaycan bayrağı əzəli torpaqlarımızın səmasında dalğalandırıldı. Öz tarixi missiyasını yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərən xain düşmən ordusu otuz il ərzində burada möhkəmlənmişdir. Bu istehkamları yarmaq, keçmək cəsur Azərbaycan əsgərinin bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Laçın dəhlizi, Zəngilan, Qubadlının azad olunmasına səbəb, müharibənin taleyini həll edən 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan möhtəşəm əlamətdar günlərdən biri oldu. O gün, Füzulinin azad olunması idi. Çünki, Füzuli azad olunandan sonra Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Erməni ordusunda fərarilik halları daha da geniş vüsət aldı. Ordu param-param parça oldu, düşmən başa düşdüki o Azərbaycan əsgərinin qarşısında zəif və acizdir. Onlar anladılar ki, əsl yenilməz ordu yorulmadan qələbəyə doğru addımlayan Azərbaycan ordusudur, Azərbaycan xalqıdır, Azərbaycan Dövlətidir!

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyi oldu. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə getdilər. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.

Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Şəhər və kəndlərimizin bərpası ilə bağlı ötən bir il ərzində çox mürəkkəb, böyük işlər görülür. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. Ərazinin düzgün planlaşdırılması, minalardan təmizlənməsi işləri görülməlidir.

Birinci infrastruktur layihələri də məhz Füzulidə başlayır. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyuldu. Qısa müddət ərzində yollar çəkildi və hal-hazırda Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilirlər. Bu gün Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

Görülən bütün işlərin bir məqsədi, hər sətrində, əsil sevginin Allaha və vətənə olduğunu göstərən Məhəmməd Füzulinin adını şərəflə daşıdığı Füzuli sakinləri, tezliklə öz doğma torpaqlarına qaytarılmasıdır. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə