Təmtəraqlı qəbir yeri düzəltdirmək günahdırmı? - DİN XADİMİNDƏN AÇIQLAMA

“Ümumiyyətlə, qəbiristanlıq mövzusuna toxunanda dünyada bu fakt özünü göstərir. İstər Amerikada, istər Avropa ölkələrində sadə və dəbdəbəli qəbiristanlıqlar var. Həmçinin, dəbdəbəli qəbir daşları var və bu dünyanın hər yerində mövcuddur. Amerikada, Kaliforniyada bu adətdir və onlar dindən asılı deyil. İnsanlar ənənəvi olaraq qəbiristanlıqlara müxtəlif formada yanaşırlar və yalnız İslam dinində insan sadə bir məzarda dəfn olunmalıdır. Ona sadə bir nişanə qoyulmalıdır ki, bilinsin ki, burda filankəs oğlu filankəs yatır”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, əzəmətli baş daşlarına sadə insanların ehtiyacı yoxdur: “Lakin, istisna insanlar var. Tarixi şəxsiyyətlərə müəyyən qeyri-adi nişanələr, büstlər və yaxud da ki, qəbir daşları qoyula bilər. Bu da istisnadır. Bunlar tarixi şəxsiyyətlərdir və yaxud onlar şəhid, övliyala, imamlardır. Məsələn, böyük şəxsiyyətlər var ki, onlar üçün böyük məzarlar, məqbərələr tikilib və insanlar oranı ziyarət edirlər. Şəhidlər xiyabanı var ki, orada şəhidlər məscidi tikilib. Xiyabanda da şəhidlərimizə məxsus xüsusi qəbir daşları qoyulub. Amma İslam dinində rəhmətə gedən insana sadə məzar qazılmalı, İslam qanununa uyğun formada dəfn olunmalı, ona sadə bir nişanə qoyulmalı və övladları özündən sonra bilməlidirlər ki, bizim burada bir atamız, babamız, bir doğma insanımız yatır. Yəni, qeyri-adi məzarları dəbdəbəli etmək və oranı zinətləndirməyə ehtiyac yoxdur. Hətta İslam dinində köhnə məzarları təzələmək bəyənilmir. İslam dinində o savab əməl hesab olunmur. Dünyasını dəyişən insan üçün dua etmək, onun ruhunu yad etmək lazımdır. Onun ruhuna Quran oxumaq, hədiyyə göndərmək olar. Onun adı ilə bağlı nə yaxşı işlər bilirsiniz onu edin. Bu islam dinində bəyənilən əməllərdir”.

Hacı Fuad Nurullayev sözlərinə belə davam edib: “Amma insanların çoxu bu deyilənlərə əməl etmir. Qəbiristanlıq və qəbiristanlıq torpaqları icra hakimiyyətinin, bələdiyyələrin ixtiyarındadır. Səhv etmirəmsə bir neçə min müqabilində orada yerləri insan pul verib ala bilir. Dünyada da belə şeylər var. Tək Azərbaycanda deyil, Avropada, Qərbdə mövcuddur. Amerikanın özündə, Avropanın özündə insanlar vəfatla bağlı sığorta olunurlar və onlar öz məvaciblərindən büroya pul ödəyirlər. İnsan rəhmətə gedəndə onun yuyulması, dəfn olunması kimi bütün xərclərini büro öz üstünə götürür və onu həll edir. Hətta Amerikanın özündə yeddi min dollardan on min dollar müqabilində bir insanın dəfni ilə bağlı pul götürə bilir. Dünyada bu fakt var və insanlar onu qayda qanuna qoyublar. Amma İslam dinimizdə nə qədər sadə formada insan dəfn olunsa, bir o qədər onun savabı var və qəbiristanlıq torpaqları dinimizdə rəhmətə gedənlərin adına vəqf olunur. Yəni, hədiyyə olunmalı, ərazidə kim rəhmətə getdisə ona bir məzar ayrılmalı, o orda təmənnasız dəfn olunmalıdır. Xırda xərclər ki, olur orada bəzən görürsən, qəbrin qazılmasına fəhlə gəlir onu qazır, Bakı ərazisində qumsal torpağıdır ora, içəriyə bir neçə daş hörürlər, o daş 20 - 30 daş gedirsə, onun məbləği ödənilir və cüzi xərclər çəkilə bilər. Rəhmətliyin də varisləri halallaşırlar və başqa bir xərclərin qəbiristanlıqlara çəkilməsi islam dinində savab deyil. Bunu etməmək yaxşıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə