Xalqa və dövlətə bağlı Azərbaycan gəncliyi

12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün elan olunması gənclərə göstərilən diqqətin bir nümunəsidir. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Gənclər Günü qeyd olunur. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən dövlət-gənclər siyasəti, məhz Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin məntiqi davamıdır.

"HƏR BİR AZƏRBAYCAN GƏNCİ HƏR ŞEYDƏN ÇOX, HƏR ŞEYDƏN ARTIQ MÜSTƏQİL AZƏRBAYCANIN BU GÜNÜ, GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNMƏLİDİR"

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət-gənclər siyasəti prioritet istiqamətlərdən birinə çevrilib. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət-gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlamışdır. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq, hər il Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Dahi Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

Ulu Öndər Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Dövlət-Gənclər Siyasəti haqqında" Fərman bu sahəyə dövlət səviyyəsində böyük önəm verildiyinin daha bir təzahürü kimi qiymətləndirilir. "Dövlət-gənclər siyasəti haqqında" Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində üzünü gənclərə tutaraq demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut edir.

Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını özündə təcəssüm etdirir. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, bu gün onların sayı 30-dan artıqdır.

KÖNÜLLÜLÜK ÜMUMMİLLİ HƏRƏKATA ÇEVRİLİB

Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək, həmrəylik kimi dəyərlər aşılamış olur. Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər ili" elan edilib. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında cəmiyyət naminə təmənnasız işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 iyun 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunun məqsədi hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.

Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilib. "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Eyni zamanda, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradılıb. "ASAN xidmət" mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Könüllülər "ASAN xidmət"in ayrılmaz tərkib hissəsinə çevrilib.

Bu gün nəinki Azərbaycanda, hətta xaricdə belə yüksək intellektə, gücə malik Azərbaycan gəncləri var. Hər bir əlamətdar gündə yaşadıqları ölkənin küçələrində Azərbaycan bayrağını ucaldırlar. Azərbaycan reallıqlarının dünyaya çatdıran, onun həqiqətlərinə göz yuman insanlara reallıqları təqdim edən məhz gənclərdir. Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib.

Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə çəkmək olar. Bu, Azərbaycan gənclərinə yaradılan şəraitdir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə