Yadigar Məmmədli: “Dövlət inkişaf etdikcə mətbuatın müxalifyönlü, ya da iqtidaryönlü olması normal hal deyil”-MÜSAHİBƏ

Yadigar Məmmədli: “Dövlət inkişaf etdikcə mətbuatın müxalifyönlü, ya da iqtidaryönlü olması normal hal deyil”-MÜSAHİBƏ

Demokratk Jurnalistlər Liqasının sədri Jadigar Məmmədlinin SİA-ya müsahibəsi:

- Şəffaflığın təmin olunmasında medianın üzərinə hansı vəzifələr düşür?

- Hər bir işin həyata keçirilməsi yolları var. Görülən işlərin ictimaiyyətə çatdırılması üçün medianın dəstəyinə ehtiyac var. İndiki məqamda medianın özü də bu işdə maraqlıdır. Digər tərəfdən də media öz işi ilə məşğul olur. Medianın vəzifələrindən biri də ictimai nəzarətdir. Dövlətin apardığı işlərə nəzarət edir, baş verən hadisələri ona görə cəmiyyətə çatdırır ki, bunları bilməkdə cəmiyyətin marağı var. Burada hərə öz işini görür və bu halda ümumi bir işin görülməsinə yardımçı olur. Demək olmaz ki, müəyyən dövrdən sonra problemləri tam həll edəcəyik. İş olan yerdə problemlərin də olması təbiidir. Əsas odur ki, problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. Hərə öz məsuliyyətini başa düşərək üzərinə düşən vəzifəni yerinə yetirir. Nəticədə isə bundan cəmiyyət qazanır. Dövlətin özü seçilən və təyin olunan adamlardan ibarətdir. Onlar dövlətin, millətin maraqlarını qorumaq üçün çalışırlar. Media da ictimaiyyətin maraqlarına xidmət edir.

- Donor təşkilatları ilə jurnalist təşkilatları arasında əlaqə necə qurulub?

- Donor təşkilatları əvvəlcədən elan edirlər ki, onların elan edəcəyi layihələrdə əsas istiqamətlər hansılardır. Məsələn media sahəsində peşəkarlıqla bağlı. Sevindirici haldır ki, Azərbaycanda iki böyük donor təşkilatı var. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu. Bu donorlar bir neçə istiqamət üzrə müsabiqələr elan edirlər. Biz jurnalist təşkilatları olaraq araşdırma aparırıq, həmin istiqamətlərə uyğun olaraq layihələrimizi təqdim edirik. Donorun istəyinə uyğun olaraq ayırdığı vəsait eyni zamanda mətbuatın inkişafı, dövlətin bu sahədə apardığı işlərlə bağlı layihələr həyata keçirməyə imkan verir.

-Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money Kyrie bildirib ki, Azərbaycan mətbuatı bölünüb, yəni ölkədə hökumət və müxalifət mətbuatı var. Bu problemdirmi?

- Əlbəttə ki, bu problemdir. Bunu dəfələrlə səsləndirmişik. Dövlətin də belə bir məqsədi var ki, mətbuat inkişaf etdirilməlidir, bu Dövlət Konsepsiyasında da əksini tapıb. Mətbuatın inkişafı üçün isə yalnız müstəqillikdən keçir. Bir sözlə, mətbuat heç bir partiyanın orqanı ola bilməz. Mətbuat orqanının partiyaya məxsus olması keçid dövrü üçün bəlkə də məqbul ola bilərdi. Dövlət inkişaf etdikcə, sistem oturuşduqca mətbuatın müxalifyönlü, ya da iqtidaryönlü olması normal hal deyil. Ümid edirik ki, yaxın vaxtlarda heç bir siyasi qrupa yönəlik olmayan media yaranacaq. Bu isə medianın çox güclü olmasına dəlalət edəcək, güclü olan media isə eyni zamanda müstəqil olacaq.

- Problemin həllini zamanın öhdəsinəmi buraxmalıyıq?

- Prosesi istədiyimiz kimi tezləşdirə də bilmərik, eyni zamanda hər şeyi zamanın öhdəsinə də buraxmaq olmaz. Ancaq çalışmaq lazımdır ki, mətbuat müstəqil olsun, Dövlət Konsepsiyası da istədiyimizi həyata keçirməyə imkan verir. İstəyirik ki, media iqtisadi baxımdam güclü olsun, reklam bazarı genişləndirilsin, bütün bunlar isə medianın müstəqilliyindən keçir.

- Media-hakimiyyət münasibətlərinin hazırkı səviyyəsi sizi qane edirmi?

- Demək olar ki, media-hakimiyyət münasibətləri ildən-ilə genişlənir. Artıq bu münasibətlər bizim istədiyimiz səviyyəyə çatıb. Həm medianın, həm də hakimiyyətin ortaq bir nöqtəsi var. Hər ikisi dövlətin inkişafı, millətin yüksəlişi üçün çalışmalıdır. Ona görə də əl-ələ verib problemləri aradan qaldırmaq lazımdır. Ötən illərə nisbətən çoxlu işlər görülüb. Bununla belə görüləsi bir çox işlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə