Gənclər “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında olublar

Bu gün Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binasında baş tutub. SİA-nın verdiyi xəbərə görə, məlumat turunda "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən İnfrastruktur Departamenti rəisinin ümumi işlər üzrə köməkçisi Ziya Şahmarov və Yük daşımaları Departamentinin Hərəkətin təhlükəsizliyi şöbəsinin rəisi Teyyub Rüstəmov, Milli Şuranın Baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak edib.

Məlumat turu zamanı iştirakçılar Cəmiyyətin iş strukturu, şöbələrlə tanış olub, dəmiryolunun infrastrukturu və yenilənməsi, yük daşımalarının modernizasiyası, sərnişin daşımaları habelə, gənclərlə birgə keçirilən layihələr kimi bir sıra mövzular haqqında məlumat əldə ediblər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla Isrəfilova çıxışında qeyd edib: " Möhtərəm Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti hazırda dünyanın aparıcı ölkələrinin dəmir yolları arasında öz layiqli yerini tutmaqdadır. Son vaxtlar həyata keçirilən və planlaşdırılan bir çox layihələr çoxşaxəli dəmir yollarının yeni ünvanını - Azərbaycanı bir daha dünyaya tanıdıcaqdır. Məhz, keçirilən bu layihələrdə gənclərin də xüsusi rolu və əməyi vardır. Ümid edirəm ki, bu gündən sonra da Milli Şura və Azərbaycan Dəmir Yolları arasında əlaqələr güclənəcək və bir çox layihələrdə tərəfdaş və icraçı qismində fəal iştirak edəcəklər."

Qeyd edək ki, 132 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda olmuş və Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır. Möhtərəm Prezident Cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində son vaxtlar həyata keçirilən və planlaşdırılan bir çox layihələr çoxşaxəli dəmir yollarının yeni mükəmməl ünvanını - Azərbaycanı bir daha dünyaya tanıdıcaqdır. Bu, Azərbaycanın iqtisadi və nəqliyyat potensialını bir daha açaraq onu cazibədar edəcəkdir.

Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə "Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi","Quba Soyqırım Memorial Kompleksi", "Sağlam Ailə" klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Neft Shirkəti (SOCAR), "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti və Mədəniyyət və Turizm Nazirliyində məlumat turları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə