Mərdəkanın gözəlliyinə xələl gətirənlər

Mərdəkanın gözəlliyinə xələl gətirənlər

Bakının Mərdəkan qəsəbəsinin tarixi qədimdir. Qəsəbə yüksək səviyyəli kurortları, sanatoriyalarə ilə məşhurdur. “Mirmöhsün ağa” ziyarətgahına gələnlər də qəsəbəni qonaqlı-qaralı edir. Ziyarətgaha gələnlər arasında ölkə vətəndaşları ilə yanaşı xarici qonaqlar da olur. Qonaqlar qəsəbənin gəzməli-görməli yerlərinə gəzintiyə çıxır və aldıqları təəssüratlarla birgə buradan gedirlər. Doğrudur, Mərdəkan qəsəbəsinin yaşıllıqları boldur, istirahək parkları ilə zəngindir. Amma...

“Əmma”sı da budur ki, Mərdəkan qəsəbəsinin “Köhnə stansiya” deyilən ərazisində olan mənzərə heç də ürəkaçan deyil. Küçə ticarəti o həddə çatıb ki, piyadaların hərəkəti, demək olar ki, mümkünsüz hala gəlib. Vaxtilə, yəni 1990-cı illərdə buna oxşar mənzərə paytaxtımızın “Dəmiryol vağzalı” ərazisində də hökm sürürdü. Hər addımda dərəbəylik, hər addımda “qaçqın çadırı”na bənzər alaçıqlar qurulmuşdu. Kabab üçün manqallar da öz yerində, hər tərəfi kabab iyi bürümüşdü.

Ümummilli Lider Heydər Əliyev hakimyətə gəldikdən sonra Bakı şəhərində hərcmərclik aradan qaldırıldı. Bugünkü Mərdəkan indi həmin dövrü xatırladır, necə deyərlər, “köhnə hamam köhnə tas”dır. Qəsəbənin stansiya deyilən ərazisinə girmək olmur. Antisanitariya vəziyyəti ilk addımda insanın bütün xoş təəssüratlarının üzərindən xətt çəkir. Mağaza sahiblərinin piyadaların hərəkət etdiyi səkiləri də “işğal” etmələri daha dözülməz vəziyyət yaradıb. Meydanın ortasında qurulan böyük çadırlar insanların hərəkətinə maneəçilik törədir. Məhsulların qiymətlərində isə danışmağa dəyməz, lap “ceyranın belində”dir. Aldadanlar alanlardan çoxdur.

Meydanın lap yaxınlığında böyük “Bravo” supermarketi fəaliyyət göstərir. Buradakı xidmət və qiymətlər öz yerində, yəni hər kəsə bəllidir. Alıcıları narazı salan isə küçə ticarətçilərinin ərzaq məhsullarını paytaxta nisbətən baha qiymətə satmasıdır. Qiymətlər Bakıdakından təxminən 1,5-2 dəfə bahadır. Açığı, mən küçə ticarətinin əleyhinə deyiləm. Yaxşı olar ki, burada bir səliqə-sahman yaratsınlar və nəzarət olunsun.

...Bu yaxınlarda həmin əraziyə alış-veriş üçün getmişdim. Səkidə geərkən pencəyimin qolu təsadüfən meyvə yeşiyinə ilişdi. Bu zaman 5-6 alma yeşikdən yerə töküldü. Əsl mərəkə də bundan sonra başladı, mağazada işləyənlər mənə hər sözü dedilər, biri dedi “dayday gözün kordu?”, “dayday xəstəsən?”, “dayday niyə ehtiyatlı olmursan?”. Dedim bala mən nə edim ki, yer dardır, keçə bilmədim. Bir də ki, səkini özəlləşdirməmisiniz ki. Cavabları daha sərt oldu: “Həri, biz buranı ata-babadan özəlləşdirmişik”.

İndi adiyyəti qurumlar yəqin ki, məni eşidib buna bir əncam çəkəcəklər. Mənim bir piyada kimi günahım varmı? Yaxud səkilərin “işğal” olunmasına niyə göz yumulur? Lakin, inanıram ki, Mərdəkan qəsəbəsinin gözəlliyinə xələl gətirən bu kimi halların qarşısı qətiyyətlə alınacaq.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə