"Dondurulmuş qidalar təzə məhsullardan daha faydalı ola bilər" - QİDA MÜTƏXƏSSİSİ
"Dondurulmuş qidalar əksər hallarda təzə məhsullar qədər, bəzən isə mağaza rəflərindəki təzə məhsullardan daha çox qida dəyərinə malik ola bilər". Bu sözləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, məhsulun nə vaxt dondurulması və istifadə olunan dondurma texnologiyası qida dəyərinin qorunmasında əsas rol oynayır: "Dondurma prosesində vitamin və mineralların vəziyyəti nisbətən sabit qalır. Kalsium, kalium, dəmir, maqnezium və sink kimi minerallar dondurma və sonrakı saxlanma zamanı ciddi dəyişikliklərə məruz qalmır. Yağda həll olan A, D, E və K vitaminləri də struktur baxımından kifayət qədər davamlıdır və dondurma zamanı, demək olar ki, itkiyə uğramır.
Suda həll olan C və B qrupu vitaminlərində isə müəyyən itkilər baş verə bilər. Tərəvəzlər dondurulmazdan əvvəl bakteriyaların və fermentlərin fəaliyyətini dayandırmaq üçün qısa müddət qaynar sudan keçirilir. Bu proses blanşinq adlanır. Blanşinq zamanı C və B qrupu vitaminlərinin təxminən 10-20 faizi itə bilər, lakin vitaminlərin böyük hissəsi məhsulda qalır.
Dondurulmuş meyvə və tərəvəzlərin qida dəyərinin yüksək olmasının əsas səbəblərindən biri onların adətən tam yetişdiyi və qida dəyəri ilə vitamin zənginliyinin pik həddə çatdığı vaxt yığılmasıdır. Məhsullar yığıldıqdan bir neçə saat sonra sürətli dondurma, yəni “flaş-dondurma” üsulu ilə dondurulur. Bu proses qida maddələrinin məhsulun daxilində qorunmasına və vitamin itkisini minimuma endirməyə kömək edir.
Bunun əksinə olaraq, mağazalarda “təzə” adı ilə satılan bəzi meyvə və tərəvəzlər xarab olmaması üçün tam yetişmədən yığıla, günlərlə daşına və daha sonra rəflərdə saxlanıla bilər. Bu müddət ərzində işıq, hava və temperaturun təsiri ilə xüsusilə C vitamini və fol turşusunda itkilər baş verə bilər. Nəticədə 5-6 gün rəfdə qalan bəzi tərəvəzlər dondurulmuş məhsullardan daha az vitamin ehtiva edə bilər. Daşınma və saxlanma şəraiti düzgün olmadıqda isə vitamin itkisi daha da sürətlənir.
Bununla yanaşı, dondurulmuş qidalardan istifadə edərkən qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun düzgün defrost edilməsi vacibdir. Dondurulmuş məhsulu buzdan çıxarmaq üçün onu mənfi 18 dərəcə Selsidə saxlanılan dondurucu hissədən soyuducunun 0-5 dərəcə Selsi temperaturunda olan bölməsinə keçirmək və məhsulun təbii şəkildə əriməsini gözləmək lazımdır. Bu qayda həm ət məhsullarına, həm də meyvə-tərəvəzlərə aiddir.
Sadə şəkildə dondurulmuş meyvə və tərəvəzlər faydalı seçim ola bilər. Lakin dondurulmuş hazır yeməklər, yarımfabrikatlar, souslar və tərəvəz qarışıqları yüksək miqdarda natrium, duz, doymuş yağ və bəzi konservantlar ehtiva edə bilər. Buna görə də məhsul seçərkən onun tərkibinə və qida dəyərlərinə diqqət yetirmək lazımdır.
Dondurulmuş qidanın birbaşa otaq temperaturunda əridilməsi isə tövsiyə edilmir. Bu, bakteriyaların sürətlə çoxalmasına şərait yarada bilər. Ən təhlükəsiz üsullardan biri məhsulu istifadədən bir gün əvvəl dondurucudan soyuducuya keçirmək və orada tədricən əriməsini təmin etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB