“Dini sahədə xidmətlərin tam rəqəmsallaşdırılması əsas hədəflərimizdəndir” - Ramin Məmmədov

“Dini sahədə xidmətlərin tam rəqəmsallaşdırılması əsas hədəflərimizdəndir” - Ramin Məmmədov

“Hazırda əsas məqsədlərimizdən biri təqdim etdiyimiz xidmətlərin tam şəkildə rəqəmsallaşdırılmasıdır. Bunun üçün xüsusi platforma üzərində iş aparılır”.

SİA-nın Qusara ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yaradılacaq rəqəmsal platforma vasitəsilə vətəndaşlar bütün xidmətlərə daha operativ, rahat və əlçatan şəkildə çıxış əldə edəcəklər. Onun sözlərinə görə, əsas məqsəd informasiya əlçatanlığını artırmaq, cəmiyyətin doğru və etibarlı mənbədən məlumat almasını təmin etməkdir.

Komitə sədri qeyd edib ki, son dövrlərdə həyata keçirilən maarifçilik layihələri də bu məqsədə xidmət edir. O vurğulayıb ki, tarixən məscidlər yalnız ibadət yeri deyil, həm də elm və maarif mərkəzləri olub və yeni layihələr bu ənənənin müasir dövrə uyğun şəkildə davam etdirilməsinə hesablanıb.

Ramin Məmmədov əlavə edib ki, media nümayəndələri ilə bölgələrdə keçirilən görüşlər artıq ənənə halını alıb. Onun sözlərinə görə, ilk görüş Şuşada, ikinci Şamaxıda, builki tədbir isə Qubada təşkil olunub və gələcəkdə belə görüşlərin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Komitə sədri vurğulayıb ki, dövlətin əsas məqsədi dini həmrəyliyi, ictimai sabitliyi və maarifçiliyi daha da gücləndirmək, eyni zamanda bu sahədə yeni imkanlar yaratmaqdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə