“Heydər Əliyev Azərbaycanın inkişaf yolunun memarı kimi yadda qalır” - SORĞU

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan tarixi şəxsiyyət kimi xalqın yaddaşında dərin iz buraxıb. Onun anadan olmasının 103-cü ildönümü ölkənin hər yerində ehtiramla qeyd olunur, müxtəlif tədbirlər, anım mərasimləri və müzakirələr təşkil edilir.

Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının gücləndirilməsi və ölkənin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi ilə xarakterizə olunur. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycanın sosial-iqtisadi tərəqqisinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Ulu Öndərin irsi təkcə siyasi sahə ilə məhdudlaşmır, həm də milli ideologiyanın və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayır.

103 illik yubiley ərəfəsində cəmiyyətdə onun fəaliyyəti, tarixi rolu və müasir Azərbaycan üçün qoyduğu miras daha geniş müzakirə olunur. Xüsusilə gənc nəslin Ulu Öndərin ideyalarını necə qəbul etdiyi və bu irsin gələcəkdə necə qorunub saxlanılacağı maraq doğurur.

Bəs görəsən şəhər sakinləri Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyi haqqında nə düşünür, onun Azərbaycan tarixindəki rolunu necə qiymətləndirir və bu irsin gələcək nəsillərə ötürülməsini necə görürlər?

SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Aidə Məmmədova: “Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş böyük dövlət xadimidir. Onun rəhbərliyi dövründə ölkədə sabitliyin bərqərar olması, idarəetmənin formalaşdırılması və dövlət institutlarının möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Mən hesab edirəm ki, bu gün müasir Azərbaycanın əldə etdiyi bir çox uğurların əsasında məhz onun müəyyən etdiyi siyasi kurs dayanır. Onun irsi təkcə keçmişin deyil, həm də gələcəyin yol xəritəsidir”.

Şəhər sakini Ağa Ədilov: “Heydər Əliyev çətin və mürəkkəb bir dövrdə ölkəni idarə edərək Azərbaycanı parçalanma təhlükəsindən xilas etmiş lider kimi yadda qalıb. O, dövlətçilik ənənələrini yenidən formalaşdırdı, iqtisadi və siyasi sistemin əsaslarını yaratdı. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi. Bu gün ölkənin inkişafı onun müəyyən etdiyi strateji xəttin davamıdır”.

Şəhər sakini Zaur Həsənov: “Ulu Öndərin ən böyük xidmətlərindən biri ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasıdır. O dövrdə mövcud olan xaos və böhran şəraitində dövlət idarəçiliyinin bərpası böyük siyasi iradə tələb edirdi və Heydər Əliyev bunu bacardı. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi baxımdan da inkişaf yoluna çıxdı və gələcək islahatlar üçün möhkəm baza yaradıldı”.

Şəhər sakini Cəfər Qarayev: “Heydər Əliyev Azərbaycanın müstəqillik yolunu möhkəmləndirən əsas şəxsiyyətlərdən biridir. Onun fəaliyyəti nəticəsində ölkə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Enerji siyasətinin düzgün qurulması və xarici əlaqələrin genişləndirilməsi Azərbaycanın strateji mövqeyini gücləndirdi. Bu gün əldə olunan nailiyyətlər onun siyasi məktəbinin davamıdır”.

Şəhər sakini Aydın Əliyev: “Azərbaycanın müstəqillik dövründən sonrakı inkişaf mərhələsi, dövlət quruculuğu prosesi və siyasi sabitliyinin formalaşması birbaşa Heydər Əliyev adı ilə bağlıdır. Bu il müstəqilliyimizin 35 illiyinə yaxınlaşdığımız bir dövrdə geriyə baxdıqda görürük ki, həmin yolun mühüm bir hissəsi məhz onun rəhbərliyi dövrünə təsadüf edir. 1990-cı illərin mürəkkəb və ağır şəraitində ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının yaradılması, iqtisadi və siyasi sistemin əsaslarının qurulması Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Sonrakı mərhələdə bu siyasi xətt davam etdirildi və ölkənin güclənməsi istiqamətində ardıcıl addımlar atıldı. Ulu Öndərin gələcəyə yönəlmiş baxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi. mO, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına daim inandığını bildirirdi və bu strateji yanaşma zamanla öz təsdiqini tapdı. Onun dövlətçilik fəlsəfəsi bu gün də Azərbaycanın siyasi kursunun əsas dayaqlarından biri kimi çıxış edir”.

Şəhər sakini Günel Həsənova: “Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskar və qurucu lider kimi xüsusi yer tutur. Onun fəaliyyəti nəticəsində ölkədə yeni inkişaf mərhələsi başlandı, dövlət idarəçiliyi sistemləşdi və xalqın rifahı üçün mühüm addımlar atıldı. Mən hesab edirəm ki, onun irsi yalnız keçmişi deyil, həm də gələcəyi anlamaq üçün vacib bir məktəbdir. Bu irs gənc nəsil tərəfindən daim öyrənilməli və qorunmalıdır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə