Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, qanunvericilikdə aliment ödəməyən şəxslərlə bağlı birbaşa cəza nəzərdə tutulmayıb:
“Məsələn, aliment ödəmədiyinə görə ayrıca bir cəza yoxdur. Sadəcə tərəf aliment tələb edirsə, bununla bağlı məhkəməyə müraciət edir və məhkəmənin müvafiq qətnaməsinə əsasən, vəziyyətə uyğun olaraq ya minimum həddə, ya da əməkhaqqına münasibətdə aliment təyin olunur.
Əgər şəxs həmin alimenti ödəmirsə, daha doğrusu, məhkəmə qətnaməsini icra etmirsə, onda icra məmuru tərəfindən bununla bağlı protokol tərtib edilir və məhkəməyə göndərilir. Burada göstərilmir ki, alimenti ödəmədiyinə görə məsuliyyət yaranır. Göstərilir ki, məhkəmə qətnaməsini üzrlü səbəb olmadan icra etmədiyinə görə məsuliyyət yaranır.
Məhkəmə də inzibati xəta üzrə həmin işə baxaraq ya cərimə cəzası, ya da 30 günədək inzibati həbs cəzası tətbiq edə bilər. Əgər şəxs barəsində cərimə və ya inzibati həbs cəzası tətbiq olunmasına baxmayaraq, bundan sonra da qərarı icra etmirsə, bu zaman məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanılır və məhkəməyə təqdim olunur.
Əgər şəxs məhkəmənin yekun qərarı çıxan günə qədər öz borc öhdəliklərini ödəməsə, yəni məhkəmə qətnaməsini icra etməsə, bu halda qanunvericilikdə müəyyən cəzalar nəzərdə tutulur. Maksimum hədd 3 il müddətinə azadlıqdan məhrumetmədir. Bundan əlavə, cərimə, azadlığın məhdudlaşdırılması və digər cəza tədbirləri də tətbiq oluna bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB