Süfrəndə yoxsula yerin yoxdursa...

Ramazan ayı boyunca ölkədəki restoranlar fərqli qiymətlərlə iftar süfrələri təklif edir. Bəzi restoranlarda iftar menyuları münasib olsa da, bir çoxunda yüksək qiymətlər müşahidə olunur. Konkret olaraq, bəzi restoranlardakı qiymətlər vətəndaşların büdcələrinə uyğun gəlmir. Ümumilikdə isə restoranlardakı iftar menyuları orta hesabla 20-120 manat arasında dəyişir. Jurnalist- ekspert Mətləb Salahov SİA-ya açıqlamasında bildirib ki, cəmiyyətimiz bu gözəl Ramazan ayı barədə hələ də formal və əzbərlənmiş məlumatdan o tərəfə bilgi sahibi deyil:

"Təəssüf ki, bir çoxları yalnız formal şəkildə oruc tutur, sadəcə adət-ənənə qaydalarına əsaslandıqlarını deyirlər. Yəni ictimai düşüncə Ramazan ayının mahiyyəti, ac qalmağın fəzilətləri, insan sağlamlığına xeyri barədə, oruc tutmağın mənəvi baxımdan insan üçün nə qədər böyük dəyərə sahib olduğu barədə xəbərsizdir. Hətta bəziləri sadəcə bütün günü ac qalmaqla müsəlman kimi vəzifəsini bitmiş hesab edirlər. Lakin insanlar ac qalmaq ibadətinin məqsədi nədir, Allah bu ibadətlə bizə nə dediyinin mahiyyətini başa düşməlidirlər. Ramazan paylaşmaq, həmrəylik ayıdır. Lakin Bakıdakı restoran sahiblərinin az qala toy qiymətlərinə bərabər menyu dərəbəyliyi, “iftar süfrəsi” adı ilə həmişəki kimi bu gözəl ayın fəzilətindən sui-istifadə cəhdi ikrah doğurur.
Unutmayaq ki, iftarın mahiyyəti bahalı restoranlarda qarın doyurmaq yox, mənəvi dəyərləri qorumaqdır. Süfrənin qiyməti deyil, niyyət və ölçü önəmlidir. Məncə, bu gözəl Ramazan ayında işbaz restoran sahiblərinə pul qazandırmaq əvəzinə öz evində süfrə açıb, imkansız insanlarla birlikdə iftar etmək savabların və dəyərlərin ən gözəlidir".

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə