Qiymət və tarif artımlarının aztəminatlı əhali qruplarına təsirinin azaldılması məqsədilə sosial müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının məbləğləri inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi, aktual sosial-iqtisadi məsələ kimi gündəmdədir.
SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, ölkə Prezidentinin Fərman və Sərəncamları ilə son 7 ildə icra edilən 5 böyük sosial islahat paketi nəticəsində minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb, orta aylıq əməkhaqqı 2 dəfə artaraq 545 manatdan 01.12.2025-ci il tarixə 1089,2 manata çatıb. 2018-ci ildən ötən dövrdə minimum pensiya 3 dəfəyədək artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Eyni zamanda hər ilin əvvəlində pensiyaların əvvəlki ilin orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunur.
Dövlət başçısının 9 fevral 2026-cı il tarixli Sərəncamı ilə cari ildə də pensiya artımı davam etdirilib. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin olunmuş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına uyğun şəkildə, yəni 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırıldı. Bu artım bütün pensiyaçılara, o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b. da şamil olunur və 1,1 milyon pensiyaçını əhatə edir. Cari ildə pensiyaların əvvəlki ilin orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək artırılması üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. Ümumilikdə isə 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıbsa, artıq yeni artımla bu məbləğlər müvafiq olaraq 593 manata və 632 manata çatıb ki, bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artım olduğunu göstərir.
Son illər sosial islahatların mühüm bir istqiaməti də müavinət və təqaüdlərin artırılmasıdır. Ötən il icra edilən növbəti, 2018-ci ildən beşinci sosial islahat paketi çərçivəsində keçən il də şəhid ailələrinə, əlilliyi olan şəxslərə, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Vətən Müharibəsi Qəhrəmanlarına, beşdən çox uşağı olan qadınların və müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına və digər bir sıra kateqoriyadan olanlara ödənilən müavinət və təqaüdlər orta hesabla 12 faiz artırıldı. Ümumilikdə isə 2018-2025-ci ildə müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB