“Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya “Demo Day” tədbiri təşkil olunub

19 fevral 2026-cı il tarixində ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri təşkil olunub.

SİA xəbər verir ki, tədbir innovativ təşəbbüslərin, startap layihələrinin təqdim edilməsi və onların inkişaf potensialının nümayiş etdirilməsi üçün platforma rolunu oynayır.

Tədbir çərçivəsində bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalanması da nəzərdə tutulur ki, bu da dövlət və akademik qurumlar arasında innovasiya ekosisteminin möhkəmləndirilməsinə töhfə verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər bölgəsində Xarici Əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak edir.

Tədbir startap ekosisteminin inkişafına dəstək verən dövlət, akademik və özəl sektor qurumlarının əməkdaşlığının təzahürü olmaqla, innovasiya fəaliyyətinin təşviqi və gənc sahibkarların inkişaf imkanlarının artırılması baxımından əhəmiyyətlidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə