"Ekoloji problemlərin hamısı təcili xarakter daşıyır və onların heç birinin həlli təxirə salınmamalıdır. Ətraf mühitlə bağlı məsələlər gecikdirildikcə həm ekosistemə, həm də insan sağlamlığına daha ciddi və uzunmüddətli təsirlər göstərir. Ona görə də bu problemlərin vaxtında və sistemli şəkildə həlli olduqca vacibdir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.
.jpg)
Onun sözlərinə görə, prioritetləşdirmə aparılmalı olsa, ilk növbədə məişət tullantıları probleminin həllinə diqqət yetirilməsinin tərəfdarı olaram: "Xüsusilə Azərbaycanda bu məsələ kifayət qədər aktualdır. Digər ölkələrdə vəziyyətin nə qədər kritik olduğunu yerli mütəxəssislər daha dəqiq qiymətləndirə bilərlər, amma ölkə daxilində mövcud reallıq göstərir ki, məişət tullantılarının idarə olunması sahəsində ciddi boşluqlar mövcuddur.
Paytaxt və bəzi iri şəhərlərin müəyyən hissələri istisna olmaqla, bir çox yaşayış məntəqələrində tullantılar nəzarətsiz şəkildə atılır. Nəticədə zibilliklər geniş əraziləri zəbt edir, torpaq və su hövzələri çirklənir, sanitar-gigiyenik vəziyyət pisləşir. Hazırda əsas utilizasiya üsulu kimi tullantıların toplanaraq yandırılması tətbiq olunur. Lakin bu üsul problemin tam həlli deyil, əksinə, yeni risklər yaradır. Çünki məişət tullantılarının tərkibində müxtəlif kimyəvi maddələr, plastik və polietilen məmulatlar, zəhərli birləşmələr mövcuddur. Onların yandırılması zamanı atmosferə zərərli qazlar və toksik maddələr buraxılır ki, bu da həm ətraf mühit, həm də insan sağlamlığı üçün ciddi təhlükə deməkdir.
Bu baxımdan tullantıların çeşidlənməsi, təkrar emalı, müasir poliqonların yaradılması və əhali arasında ekoloji maarifləndirmənin gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Tullantıların açıq şəkildə yandırılması ümumiyyətlə məsləhət deyil və qəbuledilməzdir. Bunun ciddi mənfi təsirləri var. Yandırılma prosesi zamanı atmosferə zərərli qazlar, toksik maddələr və insan sağlamlığı üçün təhlükəli birləşmələr yayılır. Bu isə bir ekoloji problemi həll etmək əvəzinə, başqa bir problemi daha da dərinləşdirir.
Ona görə də məişət tullantılarının düzgün idarə olunması istiqamətində konkret və sistemli addımlar atılmalıdır. Xüsusilə məişət tullantılarının su hövzələrinə atılmasının qarşısı qəti şəkildə alınmalıdır. Bu gün dünyada cəmiyyəti təhdid edən ən ciddi qlobal problemlərdən biri su qıtlığıdır. İçməli su ehtiyatları azalır, iqlim dəyişiklikləri su resurslarına mənfi təsir göstərir. Belə bir şəraitdə su hövzələrinin çirkləndirilməsi gələcək nəsillərin təhlükəsizliyini birbaşa risk altına atır.
Azərbaycanda su hövzələrinin qorunması, onların məişət tullantılarından təmiz saxlanılması və ciddi nəzarət mexanizmlərinin tətbiqi prioritet məsələ olmalıdır. Bu, yalnız ekoloji deyil, həm də strateji təhlükəsizlik məsələsidir.
Əgər ekoloji problemlər içərisində ilk növbədə hansının həllinə üstünlük verilməli olduğu barədə seçim etmək lazım gəlsə, tərəddüd etmədən iki istiqamət qeyd edilə bilər: məişət tullantılarının effektiv idarə olunması və xüsusilə su hövzələrinə atılan tullantıların qarşısının alınması. Digər problemlər də mövcuddur və onları da sadalamaq mümkündür. Lakin prioritet baxımından məhz bu iki məsələ ən təcili və təxirəsalınmaz istiqamətlər hesab olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB