İnsanlar yolda belə telefona aludə olur, diqqət və təhlükəsizlik riskləri artır… -PSİXOLOQ DANIŞDI

“Yol hərəkətində təhlükəsizlik məsələləri yalnız fiziki amillərlə deyil, həm də psixoloji davranışlarla bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, piyada keçidlərində və digər yol zolaqlarında insanların diqqətsizliyi və qaydalara əməl etməməsi ciddi risklər yaradır:

” Belə hallarda sürücülər dərhal reaksiya göstərir və bəzən agresiv davranış nümayiş etdirirlər; bu, yolun onların idarəetməsində olduğunu vurğulamaq instinktindən qaynaqlanır.

Piyadalar bəzən öz haqlı olduqlarını düşünərək yol hərəkət qaydalarını nəzərə almırlar. Yollar maksimum diqqət tələb edir və sürücülərin diqqətinin dağılması , məsələn, tıxac zamanı telefon istifadəsi , zəncirvari qəzaların yaranmasına səbəb ola bilər. Burada əsas amil insanın psixoloji vəziyyətidir. Psixoloji olaraq hadisələri düzgün dərk edə bilməyən fərdlər davranışlarını idarə etməkdə çətinlik çəkir və nəticədə yol hadisələrinin baş vermə riski artır.

İctimai nəqliyyatda qulaqlıqlardan istifadə edən şəxslər ətraf mühitdə baş verən hadisələrdən xəbərsiz qalır və bu da diqqətsizliyə, məsuliyyətsiz davranışlara yol açır. İnsanların davranışlarını idarə edə bilməsi onların dərin düşüncə və diqqət bacarıqları ilə birbaşa əlaqəlidir. Əks halda yol hərəkət qaydalarının pozulması, sayqısızlıq və vaxtın səmərəli istifadə edilməməsi kimi hallar meydana çıxır.

Məsuliyyətsizlik sindromu, insanların diqqətsizliyi, davranışlarını idarə edə bilməməsi və hadisələri düzgün dərk etməməsi nəticəsində ortaya çıxır. Bu isə yol hərəkəti təhlükəsizliyində psixoloji faktorların nə qədər əhəmiyyətli olduğunu göstərir və preventiv tədbirlərin planlaşdırılmasında mühüm rol oynayır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə