“İdxal olunan ət məhsulları yerli ətlərlə eyni səviyyədə qiymətləndirilə bilər” -EKSPERT DANIŞDI
“Ət və ət məhsullarının idxalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq ciddi gömrük və sanitar nəzarət prosedurlarından keçir. İstər donmuş, istər soyudulmuş, istərsə də emal olunmuş ət məhsulları ölkə ərazisinə daxil olmazdan əvvəl müvafiq dövlət qurumlarının nəzarətində yoxlanılır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.
Onun sözlərinə görə, bu prosesdə şəffaf izləmə mexanizmləri tətbiq olunur, şahid nümunələri götürülür və məhsullar laborator analizlərə cəlb edilir:
”Gömrük nəzarəti mərhələsində ət məhsullarının mikrobioloji təhlükəsizliyi, daşınma şəraiti, saxlanma temperaturu və mümkün çirklənmə riskləri ətraflı şəkildə araşdırılır. Ətin hansı şəraitdə daşındığı, soyuq zəncirin qorunub-qorunmadığı, gigiyenik normalara əməl edilib-edilmədiyi mütləq şəkildə qiymətləndirilir. Yalnız qida təhlükəsizliyi tələblərinə tam cavab verən məhsulların idxalına icazə verilir.
Buna baxmayaraq, ictimai müzakirələrdə bəzən əsassız və qeyri-elmi iddialar səsləndirilir. Ayrı-ayrı “mütəxəssislər” tərəfindən idxal olunan ətlərin guya qida dəyərinin aşağı olması və ya sağlamlıq üçün təhlükəli olduğu iddia edilir. Halbuki elmi baxımdan idxal olunan ət məhsulları ilə yerli ətlər arasında əsas vitamin və qida komponentləri baxımından fundamental fərq mövcud deyil. Bu ətlərdə B12 vitamini, B qrup vitaminləri, D vitamini və digər zəruri qida maddələri eyni səviyyədə mövcuddur.
Əsas fərq ətin təhlükəsizliyindən deyil, onun saxlanma və istifadə prosesindən asılıdır. İdxal olunan ət məhsulları ölkəyə daxil olduqdan sonra da düzgün şəraitdə saxlanmalı, restoranlarda və ev təsərrüfatlarında sanitar qaydalara uyğun hazırlanmalıdır. Bişirmə, soyutma və saxlama zəncirində hər hansı pozuntu baş verərsə, bu, istər idxal, istərsə də yerli ət olsun, eyni dərəcədə təhlükə yarada bilər.
Dad və orqanoleptik xüsusiyyətlər baxımından isə yerli ətlərin üstünlüyü danılmazdır. Azərbaycan ərazisinin iqlim müxtəlifliyi, təbii otlaq şəraiti və heyvanların ənənəvi bəslənmə forması yerli ətlərin dad keyfiyyətinə birbaşa təsir göstərir. Xüsusilə Qarabağ quzuları, yerli dana və mal-qara cinsləri özünəməxsus dadı və ləzzəti ilə seçilir və bu xüsusiyyətlər onları beynəlxalq miqyasda tanıdır.
İdxal olunan ət məhsulları qida təhlükəsizliyi baxımından yerli ətlərlə eyni səviyyədə qiymətləndirilə bilər. Fərq daha çox dad və ənənəvi istehlak vərdişləri ilə bağlıdır. Elmi yanaşma onu göstərir ki, düzgün nəzarət və saxlanma şərtləri təmin olunduğu halda idxal ətləri sağlamlıq üçün risk daşımır. Buna görə də məsələ emosional mülahizələr deyil, elmi faktlar və qida təhlükəsizliyi prinsipləri əsasında qiymətləndirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB