Apteklərdə eyni dərmanın qiymət fərqi: istehlakçı hüquqları tapdalanır? - RƏY BİLDİRİLDİ

"Əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət dərman vasitələrinin qiymətinə ciddi nəzarət edir. Hazırda 3000-dən çox dərmanın qiyməti dövlət tərəfindən tənzimlənir və yuxarı hədd müəyyən olunur. Bu siyahı apteklərin hamısında mövcuddur və həmin dərmanlar yuxarı həddən yüksək qiymətə satıla bilməz".Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bəzi dərman distribyuterlərinin apteklər şəbəkəsi var və burada arenda haqqı ödənilmədiyi üçün məhsulların qiyməti tənzimlənmiş qiymətdən daha aşağı olur: “Qiymətin qanunsuz yüksəldilməsi qadağandır. Lakin qiyməti tənzimlənməyən dərman preparatları müxtəlif qiymətlərlə satışda ola bilər”.

Eyyub Hüseynov əlavə edib ki, dərmanların qiymətinin tənzimlənməsində dünya bazarındakı qiymətlər də nəzərə alınmalıdır: “İstərdim ki, bəzi dərmanların yuxarı həddi müəyyən edilərkən, dünya bazarına uyğun olaraq aşağı hədd də tətbiq olunsun”.

Əczaçı Pərvin Nəzərli isə bildirib ki, dərman vasitələrinin qiyməti Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və ölkə üzrə sabitdir: “Dərmanların qiyməti hər yerdə eynidir. Lakin qida əlavələri kimi digər vasitələrin qiyməti aptekdən aptekə fərqlənir. Bu fərqlilik arenda haqqı, işçi sayı və aptekin yerləşdiyi məkan kimi xərclərdən asılı olaraq 10-40% aralığında dəyişir”.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə