“İctimai əhəmiyyətli layihələr həyata keçirilən zaman, ətraf mühitin, təbiətin qorunması bir nömrəli prioritet olmalıdır”. Bu fikirləri ekoloq Cəmşid Bəxtiyar SİA-ya açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, bəzən layihələr cəmiyyətə fayda vermək adı ilə həyata keçirilir, lakin təbiətə dəyən zərər nəzərə alınmır: “Nəzərə alınmalıdır ki, bir tərəfdən cəmiyyətə fayda verilirsə, digər tərəfdən zərər ilə onu örtməməliyik. Çox təəssüf ki, bir çox layihələr həyata keçiriləndə bu diqqətə alınmır, xüsusən yol çəkilişləri zamanı”.
Cəmşid Bəxtiyar qeyd edib ki, qaz xətləri çəkilərkən meşə əraziləri məhv edilir, mövcud yollar sıradan çıxarılır: “Xətti çəkənlər əvvəldən mövcud olmuş yolları belə bərbad vəziyyətə salıblar. Heç kim etiraz etmir bu xətlərin çəkilməsinə, hamımız istəyərik olsun. Amma belə proseslər zamanı təbiəti də qorumalıyıq”.
O hesab edir ki, alternativ variantlar nəzərdən keçirilməli, minimum ziyanla işlər icra olunmalıdır: “Müşahidələr göstərir ki, heç cəhd də göstərilməyib. Əhəmiyyətli təbiət ərazilərini dağıntılardan qorumaq lazımdır”.
Ekoloq əlavə edib ki, layihələr hazırlanarkən ekoloqların iştirakı vacibdir: “Çox istəyərdim ki, bu layihələri çəkərkən, işləyərkən ekoloqlarla məsləhətləşsinlər. Əslində, elə insan adi gözlə baxanda da görür ki, necə ziyan vurmadan işlər görülə bilər”.
Cəmşid Bəxtiyarın fikrincə, bu məsələyə yanaşmada hər kəsin üzərinə məsuliyyət düşür: “Çünki bu vətən bizimdir, planet bizimdir. Ölkəmiz də bir parçadır, bu parçanı qorumalıyıq. Heç olmasa, öz payımıza düşən, öz imkanımız olan hissəsini qorumalıyıq. Bu, insanlıq, bəşəriyyət və gələcək nəsillər üçün çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə