DİQQƏT: Antiperspirantların tərkibindəki alüminium dəridə toksik təsir yarada bilər - Dermatoloq AÇIQLADI
"Müasir dövrdə şəxsi gigiyenaya artan diqqət fonunda tər əleyhinə vasitələrə, xüsusilə də antiperspirantlara maraq xeyli artıb. Lakin bu məhsulların sağlamlığa təsiri ilə bağlı müxtəlif mütəxəssislərin fikirləri bəzən fərqlənir". Dermatoloq Şövqi Zeynalov məsələ ilə bağlı SİA-ya açıqlamasında antiperspirantlardan istifadə zamanı diqqətli olmağı tövsiyə edib.
Həmçinin, antiperspirantlar tər vəzilərinin fəaliyyətini məhdudlaşdırmaq və tərin yaratdığı qoxunun qarşısını almaq üçün istifadə olunur. Lakin bu vasitələrin tərkibində olan bəzi kimyəvi maddələr, xüsusilə də alüminium duzları uzunmüddətli istifadədə dəriyə və ümumilikdə orqanizmə mənfi təsir göstərə bilər.
“Antiperspirantlar ilk baxışdan gigiyenik baxımdan faydalı görünə bilər. Ancaq onların tərkibindəki alüminium duzları tər vəzilərini bağlayaraq orqanizmdən çıxmalı olan toksinlərin dərinin alt qatlarında yığılmasına səbəb olur. Bu da zamanla müxtəlif dəri problemlərinə, hətta xərçəng riskinə yol aça bilər”,-deyə Şövqi Zeynalov bildirib.
Mütəxəssisin fikrincə, xüsusilə idmanla məşğul olan şəxslər bu vasitələrdən istifadə edərkən daha diqqətli olmalıdırlar: “İdmançılar aktiv hərəkət etdikləri üçün onların orqanizmi tər vasitəsilə zərərli maddələri daha sürətlə xaric edir. Antiperspirant tərin qarşısını aldıqda bu maddələr dərinin dərin qatlarına keçir və bu, dəri infeksiyalarına, ləkələrə, allergik reaksiyalara səbəb ola bilər. Bəzən bu hal bədənin təbii istilik tənzimləmə prosesinə də mənfi təsir edir”.
Zeynalov əlavə edib ki, bu məhsullardan gün ərzində bir dəfədən çox istifadə olunmamalıdır. Onun sözlərinə görə, antiperspirant alarkən mütləq şəkildə tərkibinə diqqət yetirilməlidir: “Alüminium miqdarı daha az olan məhsullara üstünlük verilməlidir. Mümkünsə, dərini qıcıqlandırmayan və təbii tərkibli alternativlərdən istifadə edilsin. Əks halda, tez-tez istifadə olunan bu vasitələr, insan sağlamlığı üçün potensial təhlükə yarada bilər”.
Qeyd edək ki, bəzi ölkələrdə antiperspirantların tərkibində alüminiumun miqdarı ilə bağlı istehsalçılara ciddi tələblər qoyulub. Eyni zamanda, bir sıra aparıcı brendlər artıq alüminiumsuz və ya təbii formulalarla hazırlanan məhsullara keçid edir. Bu məsələdə balanslı yanaşma əsasdır - yəni həm şəxsi gigiyena, həm də uzunmüddətli sağlamlıq riskləri nəzərə alınmalıdır.
Müəllif: Fatimə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə