Qardabanidə azərbaycanlı alimin 75 illik yubileyi qeyd olunub

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru olmuş akademik Ramiz Məmmədovun 75 illiyinə həsr edilmiş tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərkəzinin direktoru Çiçək Hüseynova çıxış edərək akademikin elmi fəaliyyətindən, onun Azərbaycan, Gürcüstan və ümumilikdə Qafqaz regionu üçün gördüyü işlərdən söz açıb.

Gürcüstan Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili çıxışında R.Məmmədovun coğrafiya elminə verdiyi töhfələrdən, onun tədqiqatlarının əhəmiyyətindən danışıb.

“Biz bir çox ortaq layihələrdə iştirak edirdik. Bakıya elmi konfranslara gedəndə akademik bizi ən əziz qonağı kimi qarşılayardı”,- deyə, N. Bolaşvili vurğulayıb.

Professor Mahmud Kamaloğlu akademik Ramiz Məmmədovun adının doğma Qardabani rayonunda əbədiləşdirmək üçün küçələrin birinə onun adının verilməsi, həmçinin xatirə lövhəsinin açılması təşəbbüsü ilə çıxış edib.

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Şurasının sədri Kamran Ramazanlı isə R.Məmmədovun elmi irsinin bu gün də aktuallığını qoruyub saxladığını vurğulayıb.

Tədbirdə akademikin sinif yoldaşı Ziyadxan Seyidəhmədli onun şəxsi keyfiyyətləri və elmə olan sevgisi barədə xatirələrini bölüşüb.

Digər çıxış edənlər akademik R.Məmmədovun elmi mirasının gənc nəsillər üçün əhəmiyyətini qeyd edib, alimin xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə