“Bal yarmarkasında işğaldan azad edilmiş rayonlardan da arıçılar iştirak edir” - REPORTAJ - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 2-dən 22-dək Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Nazirlikdən bildirilib ki, yarmarka hər gün saat 09:00-dan 19:00-dək fəaliyyətdə olacaq.

SİA yarmarkadan reportajı təqdim edir:

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov:

“Artıq arıçılıq məsullarının 23-cü respublika sərgi-yarmarkası fəaliyyətə başlayıb. Üç həftə davam edəcək yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından arıçılar iştirak edir. Qeydiyyat prosesi başlayarkən 250 arıçının iştirakı nəzərdə tutulmuşdu və bölgələrdə fəaliyyət göstərən arıçıların sayına uyğun olaraq bütün bölgələrimiz yarmarkada təmsil olunur. Təxminin 30 çeşiddə arıçılıq məsulları satışa çıxarılıb, qiymətləri isə fermerlər özləri müəyyənləşdirir.

Keyfiyyətin yoxlanılması məqsədilə Kənd Təsərrüfatı Agentliyi AQTA ilə birgə yarmarkaya çıxarılan məsulların labaratoriyaya çıxarılması və yoxlanılmasını təmin edilib.

Ötən illərdən fərqli olaraq bu il yarmarkaya daha az miqdarda 95 tona məsul çıxarılıb. İyirmi bir gün ərzində fermerlərimiz məsullarını sataraq, öz əməklərinin bəhrəsini görəcəklər”.

Azərbaycan Arıçılar Assosiyasının sədri Bədrəddin Həsrətov:

“Bu artıq 23-cü bal yarmarkasıdır. Mən buna bal yarmarkası deməzdim, arı məsullarının sərgi-satış yarmarkasıdır. Çünki burada bal ilə yanaşı digər arı məsulları da satılır. 43 rayondan 250 arıçı iştirak edir. Keyfiyyəti uyğun gəlməyən ballar AQTA tərəfindən yoxlanıldıqdan sonra yarmarkadan uzaqlaşdırılıb. Eyni zamanda işğaldan azad edilmiş rayonlardan da arıçılar iştirak edir”.

Satıcı Bəhruz Əsgərli:

“Şəxsi təsərrüfatımdan gətirdiyim 100 kiloqrama yaxın bal satıram. Qaratikan və biyan tərkibli ballar satıram. Hər ikisi çox keyfiyyətli baldır. Biyan balında müəyyən xarlaşma var. Lakin əhaliyə bildirmək istəyirəm ki, xarlanan balın keyfiyyətinə şübhə ola bilməz. Çünki xarlanma balın öz keyfiyyətini qorumasıdır. Bal ilə yanaşı satışda bütün arı məsulları mövcuddur”.

Satıcı Xaliq Bağırov:

“Göygöl rayonundan 4 cür bal gətirmişəm. Bura çiçək, cökə, may və meşə balı gətirmişəm. Balların fərqləri isə tərkibinə görədir. Hər balın özünəməxsus dad və iyi var. May balı may ayında çəkilən baldır. Cökə balı isə Cökə ağacından alınır. Balların növündən asılı olmayaraq, hər biri keyfiyyətlidir”.

Satıcı İmaməli Qulamov:

“Mən Lənkəran rayon sakiniyəm. İyirmi ildir ki, bu işlə məşğulam. Biri-birindən fərqli qaratikan, cökə, may balı gətirmişəm. Hər biri analizlərdən keçib və tər-təmiz ballardır. Ümumiyyətlə bal bu il çox qəşəngdir”.

Satıcı Dilbazi Məmmədova:

“Balakən rayonundan gəlmişəm. Bizim 450-dən artıq arı təsərrüfatımız var və 45 ildir arıçılıqla məşğuluq. Artıq 23-cü dəfədir ki, yarımarka keçirilir və hər il də burada iştirak edirik. Dağ, çiçək, həmişəyaşıl ağacının balı və digər arı məsullarını gətirmişik. Artıq 3 kq bal satmışam. Qiymət 30-35 azn arasıdır. Bu il məsul az olduğundan qiymətdə az da olsa artım var”.

Satıcı Məhəmməd Abbasov:

“Yarmarkanın ilk günüdür, hələki satış etməmişik. Lakin müxtəlif cür biri-birindən keyfiyyətli ballarımız var. Eyni zamanda keçən ildən qalan xarlanmış bal və ramka ballarımız da var. Qiymətləri isə 25-35 azn aralığında dəyişir. Düşünürəm ki, bu cür yarmarkanın təşkil edilməsi arıçılıq ilə məşğul olanlar üçün məsulun satılması baxımından idealdır”.

Satıcı Elsevər Rzayev:

“Gədəbəy rayonu Slavyanka kəndindən gəlmişik. Bu il balın az olmasına baxmayaraq, yenə də vəziyyət yaxşıdır. Xüsusilə də təşkil edilən bu yarmarka məsulumuzun satılması üçün çox əhəmiyyətlidir.
Artıq 2 ramka və 5 kq bal satmışam”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə