“Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idi“ - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idi“ - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 31 il keçir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Müstəqillik yolunda özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, 1990-cı ilin iyul ayında Naxçıvana gələn ulu öndər Heydər Əliyev, 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçildi: “1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında ümumən Azərbaycanın gələcək müstəqillik müqəddaratı baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul edildi. Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili nəticəsində Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.
Azərbaycanın Dövlət Müstəqilliyinin 5 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciətində demişdir: “ Müstəqil Azərbaycan Respublikası ötən beş il ərzində böyük sınaqlardan keçmişdir. Müstəqilliyimizin möhkəmlənməsinə mane olan qüvvələr həm xaricdə, həm də daxildə mövcud olmuşdur. Onların qarşısını almaq, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək ən əsas vəzifə olmuşdur. Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi. Xüsusən, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında olmuşdur. Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikamızda dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir.
Xalqımızın iradəsi və müstəqil Azərbaycan dövlətinə sadiqlik bütün bu sınaqlardan çıxmağa imkan yaratmışdır. Biz bütün bu çətinliklərin qarşısını ala bilmişik və Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanmışdır”.
Ümummilli Liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə möhtəşəm inkişaf və tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.

Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə