Vladimir Kireyev: “ Ermənistan Qərbin əlində Rusiya, Türkiyə və İrana qarşı alətdir” - MÜSAHİBƏ
Beynəlxalq Avrasiya Hərəkatının analitik şöbəsinin rəhbəri, rusiyalı politoloq Vladimir Kireyev “Caliber” analitik mərkəzinə müsahibəsində regionda baş verənlər haqda maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Amerikalı diplomat Nensi Pelosinin İrəvana səfərini Ermənistan-Rusiya münasibətləri baxımından necə qiymətləndirirsiniz?
- Pelosi Amerika siyasətində əlamətdar fiqurdur və onun səfəri bu regiondakı bütün oyunçulara, xüsusən də Rusiyaya bir siqnaldır. Bildiyiniz kimi, Ermənistan siyasətində xeyli müddətdir amerikapərəst lobbi var idi, lakin 2018-ci ildən sonra hökumətin özündə və onun ətrafında Rusiya ilə münasibətləri pozmaq və ya ən azı minimuma endirmək, Fransaya və Amerika Birləşmiş Ştatlarına istiqamətlənmək barədə açıq şəkildə dialoq aparıldı. Bütün bunlar Rusiyanın Ermənistana uzunmüddətli tərəfdaş kimi inamını məhv edib və məhv etməkdədir.
Amma Türkiyə və Azərbaycan müxtəlif məsələlərdə Rusiyanın dəstəyini almağa çalışırlar. Hər şeydə Türkiyənin və Azərbaycanın maraqları ilə Rusiyanın maraqları üst-üstə düşməsə də, Moskva ilə İrəvan arasında etimad münasibətlərinin pozulmasında, əksinə, Bakı və Ankara ilə daha intensiv münasibətlərin formalaşmasında müəyyən sapma var.
- Pelosinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı dediklərini necə şərh edərdiniz? Xüsusilə, müdafiə sahəsində əməkdaşlıqla bağlı.
- Pelosinin əsas vəzifəsi Rusiyanı Ermənistandan və regiondan sıxışdırıb çıxarmaq, imkan daxilində İrəvanın siyasətinə nəzarəti tam ələ keçirməkdir. Eyni zamanda, bildiyiniz kimi, NATO-nun tərəfdaşı olan Türkiyəyə də təzyiqlər var. Amma nə qədər uzağa getsə, Vaşinqton üçün Ankaraya təzyiq etmək bir o qədər çətindir. Bir neçə il əvvəl hətta erməni qərbyönlü siyasi mühitin amerikalı kuratorları Rusiya ilə münasibətləri kəsməməyi tövsiyə edirdilər, çünki həm ABŞ, həm də Fransanın təmsil olunduğu Qərb Ermənistanın təhlükəsizliyini təmin edə bilmir. Bu gün artan qlobal münaqişə prosesində, əslində üçüncü dünya müharibəsinin ilkin mərhələsində belə məsələlər tədricən arxa plana keçir. Əsas odur ki, istənilən qurbanlar bahasına olsa belə, düşmən üzərində qələbə qazanasan. Beləliklə, Ermənistan bu işdə Tayvan, Ukrayna, kürdlər və bir çox başqa ölkələr və qruplar kimi başqa bir alver predmetidir.
- Sizcə, Ermənistanın ABŞ-la nümayişkaranə yaxınlıq etməsinə və İrəvanda anti-Rusiya əhval-ruhiyyəsinə, KTMT-dən çıxmaq çağırışlarına və s bu kimi hərəkətlərə Moskvanın cavabı nə olacaq?
- Rusiya Ermənistanla həm geosiyasi, həm də mənəvi cəhətdən bir sıra səbəblərə görə münasibətləri saxlamağa çalışacaq. Bölgədəki bütün tərəflərlə dialoqun zəruriliyi sülh probleminin həlli üçün açardır. Eyni zamanda, Rusiya rəhbərliyi tərəfdaşlarla münasibətləri birtərəfli qaydada kəsməyə hazır deyil. Bu, prinsipial məsələ hesab olunur. KTMT-dən çıxdıqdan sonra Ermənistanı təhdid edən risklər, eləcə də Rusiya ilə münasibətlərin kəsilməsinin iqtisadi nəticələrini göstərən erməni elitaları ilə dialoq aparılacaq. Bunlar rasional arqumentlərdir, lakin Ermənistanın problemlərini Rusiya ilə münasibətləri kəsərək, ABŞ-la tərəfdaşlıq qurmaqla həll etməyi təklif edən insanlar üçün o qədər də inandırıcı deyil.
- Necə düşünürsünüz, Moskva Ermənistanın Qərbə istiqamətlənməsinin dəyişməsinə icazə verə bilərmi?
- Moskvanın Ermənistan siyasətinə həm elita səviyyəsində, həm də cəmiyyət səviyyəsində birmənalı təsirli təsir mexanizmi yoxdur. Deməli, Moskva üçün münasibətlərin pozulmasının qarşısını almaq çətindir. ABŞ və bütövlükdə Qərb üçün Ermənistan yalnız xarici siyasət yeritmək üçün alətdir, eyni zamanda qarşıya qoyulan vəzifə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, Türkiyəyə təzyiq göstərmək, İranı hədələməkdir.
Ermənistanın ABŞ və Fransaya doğru yönələn siyasəti ona gətirib çıxaracaq ki, o, Türkiyə və Azərbaycan qarşısında dözülməz olacaq, çünki ABŞ Yaxın Şərqdə çox əhəmiyyətli olan NATO müttəfiqi ilə inadkar da olsa, birbaşa münaqişəyə girməyəcək. Öz növbəsində, Rusiya Federasiyası üçün bu, qırmızı xəttə çevriləcək, bundan sonra Ermənistanı dəstəkləmək mənasız olacaq. Rusiya və İran üçün bu, mənfi ssenaridir, çünki onların regionda təsiri azalacaq. Bu ssenaridə Rusiya və İranın maraqlarına zərbə vurulacaq, bu heç də ABŞ-ın Ermənistanın maraqlarının müdafiəsinə qalxacağı anlamına gəlmir. Ermənistanın Rusiya ilə müqavilələrdən çıxması İranla aranı kəsmək və qeyd etdiyim kimi, onun Türkiyənin əyalətinə çevrilməsi demək olacaq.
- Rusiya Federasiyasının dəstəyi olmadan Ermənistanın gələcəyini nə dərəcədə aydın görürsünüz?
- Ermənistan ABŞ və NATO-ya yönləndirildikdə, Ermənistanı tam nəzarət altına almağa çalışan Azərbaycan və Türkiyə ilə birbaşa münaqişə yaranacaq. Öz növbəsində Rusiyanın vəziyyətə təsir mexanizmi, İranın isə onu dəstəkləmək motivi olmayacaq. Rusiya və İran olmadan Ermənistan təbii ki, hətta Amerika ilğımının bir hissəsinə də deyil, Ermənistanda çoxlarının məqbul həll yolu kimi qəbul etdiyi türk müstəmləkəsinə çevriləcək.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB