Hər sanksiya Rusiyanı daha aqressiv “YARALI AYIYA” çevirir ANALİTİK+AKTUAL
Ukraynada davam edən, çoxsaylı insan itkiləri ilə müşahidə olunan və dəhşət saçan müharibə reallığı isə səngimir
2022-ci ilin 24 fevralından başlayaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ukraynaya qarşı xüsusi hərbi əməliyyatlara başlaması ilk olaraq Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Kanada tərəfindən sanksiyalara məruz qaldı. Nəticədə dünyaca məşhur nüfuzlu brend-şirkətlər (ərzaq, geyim, iaşə, texnika və s.) özlərinin Rusiyadakı fəaliyyətlərini dayandırdılar.
Rusiya səkkiz ildir çoxsaylı sanksiyalara qarşı dayana bilsə də...
Lakin Rusiya buna qədər də bir sıra sanksiyalar altına düşmüşdü. Belə ki, 2014-cü ilin martından, daha dəqiq desək, Krımın ilhaqı zamanı ABŞ, Avropa İttifaqı, Avstraliya, Yeni Zelandiya və Kanada qadağaların birinci paketini qəbul etmişdilər. Bu sanksiyalar ayrıca şəxslər üçün viza məhdudiyyətlərini, aktivlərin dondurulmasını əks etdirirdi. Həmçinin, sanksiyalara imza atmış ölkələrdəki biznesmenlərin adları qadağalar sırasına daxil olmuş şəxslərlə işgüzar münasibətlər saxlamağı da qadağan edilmişdi.

Ancaq bu da son deyildi. 2014-cü ilin aprel-may aylarından başlayaraq sanksiyaların genişləndirilməsi prosedurlarına başlanıldı və bu, daha əvvəlki sanksiyalara əhəmiyyət verməyən Rusiyanın Ukraynanın Şərqindəki situasiyanı gərginləşdirməsi ilə əlaqələndirildi. Yeni sanksiyaların təşkilatçıları artıq açıq şəkildə Rusiyanı Ukraynanın ərazi bütövlüyünə müdaxilə etməkdə ittiham edirdilər. Xüsusilə, Kremlin Donetsk və Luqansk separatçılarına silah və s. yardımları bu məsələnin böyüməsinə səbəblər yaratdı.
Daha bir sanksiya dalğası bu gün də danışılan Boeing 777 təyyarəsinin 2014-cü ilin 17 iyul tarixində Donetsk üzərində qəzaya uğraması ilə bağlı oldu. Qərb ölkələri Rusiya tərəfindən dəstəklənən silahlı qiyamçıların təyyarəni vurduqlarını iddia etdilər.
2018-ci ilin avqustunda ABŞ-ın Dövlət Departamenti Moskvaya qarşı yeni sanksiyalar kampaniyası hazırladığını bəyan etdi. Buna səbəb isə Böyük Britaniyada ikili agent Sergey Skripalın və qızı Yuliyanın “Noviçok” adlı zəhərli maddə ilə zəhərlənməsi oldu.
Dünya ictimaiyyəti Rusiyasnın bu qədər ağır qadağaların müqabilində əsla geri çəkilməyəcəyini görməkdədir
Növbəti illərdə ABŞ-ın və Avropa İttifaqının sanksiyalar rejimi tətbiq etmələrinə səbəb müxalifətçi siyasətçi Aleksandr Navalnı ilə əlaqələndirildi, yeni cərimə qaydaları müəyyənləşdirildi. Ancaq göründüyü kimi, Rusiya Federasiyası öz siyasi və s. maraqlarının təmin olunmasından geriyə addım atmadı, əksinə, daha da sərt qərarlar verdi və sanki hər bir sanksiya Rusiyanı daha aqressiv “YARALI AYIYA” çevirir...
Beləliklə, hazırda da ABŞ, Böyük Britaniya, eləcə də Avropa İttifaqı Rusiyanı Ukraynaya hərbi müdaxiləsinə görə hədəfə alırlar, üstəlik sanksiyalar tətbiq etmələri ilə yanaşı, həm də maliyyə, hərbi sursat və s. cəhətlərdən də Kiyevə öz yardımlarını əsirgəmirlər. Hələlik isə dünya ictimaiyyəti Rusiyasnın bu qədər ağır qadağaların müqabilində əsla geri çəkilməyəcəyini görməkdədir.

Aİ sanksiya siyasıhına RF prezidenti Vladimir Putini, baş nazir Mixail Mişustini, XİN rəhbəri Sergey Lavrovu, DİN rəhbəri Vladimir Kolokoltsevi, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi və daha bir sıra məmurları, siyasətçiləri əlavə edib.
ABŞ-ın maliyyə nazirliyinin siyahısında isə Vladimir Putinin, müdafiə naziri Sergey Şoyqunun, Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun adları dayanmaqdadır. Onu da qeyd edək ki, fəaliyyətdə olan dövlət başçıları çox nadir hallarda, tək-tək olaylarda beynəlxalq sanksiyalar altına düşürlər.
Yeni sanksiyaların üçüncü paketi isə ən böyüyüdür və o, əsasən maliyyə, energetika, nəqliyyat, texnologiua sektoru, həm də viza siyasətini əks etdirir. Hətta bununla bağlı Aİ-nin rəsmi jurnalında ayrıca qrafiklər də qurulub.
Avropa diplomatiyasının rəhbəri Jozep Borrel: “Avropa İttifaqı beynəlxalq partnyorları, müttəfiqləri ilə birlikdə öz qərarında vahid həmfikirdir”
“Prezident Putin və onun hökuməti müstəqil və suveren qonşu ölkədə qarşı müharibəyə başladı. Rusiya rəhbərliyinin özünüdavranışı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bu gün biz ən sərt məhdudiyyətlərlə bağlı ölçülər götürürük. Avropa İttifaqı beynəlxalq partnyorları, müttəfiqləri ilə birlikdə öz qərarında vahid həmfikirdir...”, deyə Avropa diplomatiyasının rəhbəri Jozep Borrel tərəfindən qəbul olunmuş sənəddə bəyan edilir.

Dövlət məmurları ilə yanaşı, Aİ-nin sanksiyaları dövlət qurumlarına, xarici kəşfiyyat xidmətinə, prezident administrasiyasına, iri bank sektorlarına, maliyyə xidmətlərinə, informasiya mərkəzlərinə, TV-lərə, həmçinin Rusiyanın digər bir çox nəhəng şirkətlərinə də tətbiq olunmaqdadır. Qadağaların sayı yüzlərlədir!
Putin bəyan edib ki, bütün bunlar birbaşa körpüləri yandırmağa hesablanıb və düşmən addımı olaraq qiymətləndirilir
Və bu gün Rusiya ona qarşı tətbiq edilən qadağalara adekvat cavab verə biləcəyini bəyan edir. Məsələn, Kreml, daha dəqiq desək, RF-nın prezidenti Vladimir Putin açıq şəkildə bəyan edib ki, bütün bunlar birbaşa körpüləri yandırmağa hesablanıb və düşmən addımı olaraq qiymətləndirilir.

ABŞ və Aİ isə həmin addımlarına görə cavabsız qalmayacaqlar. Artıq ortada qarşılıq vermək prisnipi dayanmaqdadır. Qarşılıq prinsipinin isə Ukraynadakı müharibənin daha da şiddətlənməsi ilə əlaqələndirmək mümkündür. Çünki Rusiya açıq-aydın şəkildə bəyan edib ki, öz məqsədlərinə çatmayınca dayanmayacaq, əksinə, hərbi kampaniyasının əhatəsini daha da genişləçdirəcək.
Lakin Rusiyanın sanksiyalara məruz qalması reallığı yalnız onun özünə təsir etmir, həm də Avropa İttifaqına üzv ölkələrə də öz mənfi təsirlərini göstərməyə başlayır...
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, Rusiyaya qarşı sanksiyalar Avropanın iqtisadiyyatına zərbəsiz ötüşməyəcək
Məsələn, Ukraynadakı situasiyaya görə İsveç və Finlyandiya kimi Skandinaviya ölkələrinin iqtisadi göstəricilərinin sürətlə aşağı düşəcəyi bildirilir. Belə bir proqnozla Şimali Avropanın nəhəng banklarından biri olan Danske Bank öz hesabatında yazıb. “Biz Finlandiyada ÜDM-in artım proqnozunu 2022-ci ildə 1,7%-ə (2,8%-dən) endirmişik. İsveçdə - 3% əvəzinə 2,5% -ə qədər "deyə təşkilatın rəsmi saytındakı nəşrdə deyilir.
Həmçinin qeyd edilir ki, adıçəkilən bank Norveç üzrə artım proqnozunu (3,8%) saxlayır və Danimarka üzrə proqnozu bir faiz bəndi artıraraq 3,5%-ə çatdırır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, Rusiyaya qarşı sanksiyalar Avropanın iqtisadiyyatına zərbəsiz ötüşməyəcək. “Mən gözəl anlayıram ki, bu sanksiyalar bizim iqtisadiyyatımıza da ağır zərbələr endirəcək. Mən bunu yaxşı bilirəm. Biz iki il ağır pandemiya şəraitində yaşamışıq və indi ümid edirdik ki, iqtisadiyyatla, sosial sferalarla məşğul olacağıq. Ancaq mən inanıram ki, avropalılar da Ukraynada baş verənlərin qarşısının alınması üçün bundan başqa çıxış yolumuzun olmadığını yaxşı anlayırlar”, deyə Avrokomissiyanın sədri bildirib.
ABŞ-ın The Hill nəşrinin yazdığına görə, Rusiya iqtisadiyyatını məhv etmək və Moskvanı cəzalandırmaq cəhdi Amerika üçün baha başa gələcək, eləcə də ağlagəlməz nəticələrə gətirib-çıxaracaq

Avropa ilə yanaşı, ABŞ-ın da tətbiq edilən sanksiyalara görə ciddi çətinliklərlə qarşılaşa biləcəyi istisna olunmur. Belə ki, The Hill nəşrinin yazır ki, Ukraynadakı fəaliyyətinə görə Rusiya iqtisadiyyatını məhv etmək və Moskvanı cəzalandırmaq cəhdi ABŞ üçün baha başa gələcək, eləcə də ağlagəlməz nəticələrə gətirib-çıxaracaq.
Nəticə etibarı ilə belə bir əsaslanmaya söykənmək olar ki, Avropa məkanının Ukrayna hərbi böhranı nə Qərbi, nə də Şərqi sakitləşdirməyəcək. Ancaq düşünsək ki, Moskvanın “YARALI AYI” qismindəki davranışı aqressivlikdən ultraaqressivliyə transfer olunur, bu zaman qarşıda daha dağıdıcı fəsadların yaşanması ehtimallarının artacağını indidən proqnozlaşdıra bilərik. Bütün bunların isə qarşısını yalnız və yalnız bir qüvvə ala bilər – siyasi iradəyə dayanaraq müharibəyə son qoymaq və yaraları sarımaq...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB