Azərbaycanın dayanaqlı inkişafının təminatçısı ŞƏRH

Azərbaycanın dayanaqlı inkişafının təminatçısı ŞƏRH

Azərbaycanda həyata keçirilən dövlət siyasəti, reallaşan dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkəmizi müasir məkana çevirməklə yanaşı, onun dünyada tanıdılmasına geniş imkanlar açıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Əldə edilmiş nailiyyətlərə və görülmüş işlərə xalqımız tərəfindən verilən qiymət 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013 və 2018-ci illər keçirilən prezident seçkilərində Cənab İlham Əliyevin parlaq qələbə qazanmasında özünü bir daha göstərdi. 2018-ci ildə keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanması xalqımız tərəfindən bu illər ərzində görülən işlərə verilən yüksək dəyər idi. Seçicilər ölkədə həyata keçirilən siyasi kursun, strateji inkişaf xəttinin, dövlət siyasətinin davamlılığına, tərəqqiyə, təhlükəsizliyə, stabilliyə səs vermişdir.

Ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza sahib olması, mövqeyinin getdikcə möhkəmləndirilməsi və dünya birliyində söz sahibinə çevrilməsi Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin bariz nümunəsidir. Ölkəmizdə iri infrastruktur layihələrin reallaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması, əhalinin sağlamlığının qorunması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər və qəbul edilən qərarlarla Azərbaycan yeni inkişaf modeli nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır.

Dövlətimizin başçısının demokratik ənənələrə söykənən idarəçiliyi sayəsində sosial müdafiənin təşkilinə, yoxsulluğun aradan qaldırılması üçün səmərəli tədbirlərin görülməsinə, yeni iş yerlərinin açılmasına, regionların iqtisadi inkişafı və aqrar islahatların uğurlu mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanmasına, sahibkarlığa dövlət qayğısının artırılmasına, ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunub. "Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər" – deyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir.

Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olub. Mövcud inkişaf nəticəsində müasirləşən, modernləşən Azərbaycan innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi dünayda özünəməxsus yer qazanıb. İnformasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası qısa bir zamanda böyük uğurlarla nəticələnib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin".

Ötən dövr ərzində Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunun nümayişi oldu. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür. Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Qələbəmiz regionda yeni reallıqlar yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf etməyə davam edəcək və daha neçə-neçə yeni uğurlara imza atacaqdır.

Natiq ALLAHVERDİYEV

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə