Ermənistan rəhbərliyi mina xəritələrini Azərbaycana verməyə borcludur -POLİTOLOQ MÖVQE BİLDİRDİ

Ermənistan rəhbərliyi mina xəritələrini Azərbaycana verməyə borcludur -POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Ümumiyyətlə, Ermənistan ilə Azərbaycan arasında imzalanmış 10 noyabr birgə bəyanatı, eyni zamanda keçirilən Soçi, Brüssel görüşləri irəliyə doğru atılmış addımlar idi. Ancaq Ermənistan tərəfi konkret olaraq anlaşmalardan yayınır, həmçinin verilən xəritələrdə də obyektivlik 20-25 faiz təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "Bütövlükdə, Azərbaycan indi işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə əməliyyatlarını həyata keçirir. Azərbaycan Ermənistanın verdiyi xəritələrə strateji baxımdan önəm versə də, Ermənistanın məkirli siyasətini yaxşı bildiyinə görə, bütün ərazilərdə mina təmizləmə əməliyyatlarını həyata keçirir. Ancaq humanist missiya həyata keçirməkdə, digər ərazilərin, xüsusilə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində işlərin daha sürətlə həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi konkret olaraq mina xəritələrini Azərbaycana verməyə borcludur. Çünki bu humanitar missiyadır. Bu həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına da xidmət edə bilər. Düşünürəm ki, bu il mina xəritələrinin tam şəkildə verilməsi istiqamətində addımlar atıla bilər. Təbii ki, Ermənistan Azərbaycanda saxlanılan erməni hərbi əsirləri geri qaytarmaq əvəzində bunu həyata keçirməyə çalışır. Ancaq hər halda normallaşma prosesi gedəcəksə, Ermənistan mina xəritələrini verə bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə