"Əgər erməni faşizmi yenidən baş qaldırmağa cürət etsə,.."

"Əgər erməni faşizmi yenidən baş qaldırmağa cürət etsə,.."

"Prezident cənab İlham Əliyev CNN Türk televiziyasına müsahibəsində dünya ictimaiyyətinə, eləcə də Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri də daxil olmaqla ermənilərə kifayət qədər açıq mesajlar verdi. Cənab Prezident bu günə qədər verdiyi bütün müsahibələrində olduğu kimi, bu dəfəki müsahibəsində də ermənilərin 30 ilə yaxın apardığı işğalçı siyasətindən və işğal zamanı törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verdi. Eyni zamanda, şanlı qələbəmizdən sonra bu bölgədə hazırda mövcud vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ölkə başçısı Ermənistanı 10 noyabrda qəbul edilmiş üçtərəfli bəyannamənin bəndlərini yerinə yetirməyə çağırdı: "Bu gün Ermənistanda bu razılaşmanı pozmağa çalışan kifayət qədər revanşist qüvvələr mövcuddur. Xüsusilə, Ermənistanın hazırkı müdafiə naziri son günlər sərsəm fikirlər söyləməyə başlayıb. Ermənistanın Müdafiə Nazirliyi Xankəndinə, eləcə də Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə hərbçilər göndərir. Bu qüvvələr ərazidə təxribatlar törədir, Azərbaycanın silahlı qüvvələrinin mövqelərini atəşə tuturlar. Cənab İlham Əliyev Ermənistanın siyasi və hərbi rəhbərliyinə, təxribatla məşğul olan qüvvələrə ciddi xəbərdarlıq etdi və bildirdi ki, onlar 44 günlük müharibə zamanı düşdükləri vəziyyəti unutmasınlar. Əgər erməni faşizmi yenidən baş qaldırmağa cürət etsə, onların başları yenidən əziləcək. Qarabağda ermənilərin hər bir hərəkəti və fəaliyyəti Azərbaycanın hərbi qüvvələrinin tam nəzarətindədir. Əgər erməni hərbçiləri ciddi təxribat törədərlərsə, Azərbaycan tərəfindən adekvat tədbirlər görüləcək. Azərbaycan tərəfinin bununla bağlı bölgədə antiterror əməliyyatları aparmağa tam hüququ çatır. Cənab Prezident Ermənistanın yaxın müttəfiqi olan Rusiyanın da bölgədəki fəaliyyətinə toxundu. Rusiya Ermənistana təzyiq göstərməli, erməni hərbçilərinin bölgəyə göndərilməsinə yol verməməli, onları silahla təmin etməməlidir. Lakin biz bunun əksini görürük. Rusiyanın müdafiə naziri öz çıxışında Ermənistan ordusunun silahla təmin olunacağını vurğulamışdı. Bu isə təhlükəli bir addımdır. Bölgədə sülhün bərqərar olmasına təhlükədir. Bu, eləcə də Ermənistandakı revanşist, faşist qüvvələrin baş qaldırmasına səbəb ola bilər. Ölkə başçısı bu istiqamətdə Rusiyadan gözləntilərinin olduğunu, eləcə də Rusiya sülhməramlı qüvvələrinin öz missiyasını layiqincə yerinə yetirməli olduqlarını vurğuladı. Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyannaməyə uyğun olaraq erməni hərbçilərinin bölgədən tam çıxarılmasına və əlavə qüvvələrin bu regiona ayaq açmamasına nəzarət etməlidirlər. Təəssüf ki, biz bunun şahidi olmuruq. Ölkə başçısı bununla əlaqədar Rusiya və Ermənistan tərəfinə yazılı məlumat verildiyini bildirdi".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan dövləti üçtərəfli bəyannamənin bütün bəndlərinə əməl edir, qarşı tərəfləri də bu şərtlərə əməl etməyə çağırır: "Azərbaycanla Ermənistan arasında bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin açılması ilə Ermənistan da daxil olmaqla bütün region dövlətləri fayda qazanar. Ermənistanın Rusiya və İranla dəmiryol əlaqəsi yaranar. Mərkəzi Asiya dövlətləri də bu dəhliz vasitəsilə Türkiyə və Avropaya qısa yolla quru əlaqələr yaradar. Beləliklə, beynəlxalq iqtisadi əlaqələrin qurulmasına böyük töhfə olar. Bu gün Azərbaycan regionda 3+3 formatının yaranmasına böyük səy göstərir. Əgər bu əməkdaşlıq baş tutarsa, Gürcüstanın Rusiya ilə diplomatik əlaqələrinin olmamasına baxmayaraq regionda müharibə təhlükəsi qalmaz. Gələcəkdə bu iki dövlətin də aralarında dostluq münasibətlərinin yaranmasına böyük təkan verə bilər. Cənab İlham Əliyev müsahibəsində Azərbaycan vətəndaşı olan ermənilərin Azərbaycana inteqrasiya oluna biləcəyindən də danışdı. Bəli, Azərbaycan çox millətli tolerant bir dövlətdir. Azərbaycanda çox millətlər bir ailə kimi yaşayırlar. Bakı da daxil olmaqla regionlarımızda çoxlu sayda erməni firavan yaşayır. Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilər də bundan yararlana bilərlər. Sadəcə Azərbaycan qanunları ilə yaşamaq istəyini bildirsinlər. Əgər bunu etsələr digər xalqların nümayəndələri kimi Azərbaycanda gözəl həyat sürə bilərlər. Ermənilər başa düşməlidirlər ki, Xan kəndi mütləq Azərbaycanın idarəçiliyinə keçəcək. Bu, Azərbaycan dövlətinin heç vaxt dəyişməyəcək mövqeyidir. Azərbaycan qanunlarına tabe olmayanlar bizim qanunlar qarşısında cavab verməli olacaqlar. Prezident cənab İlham Əliyev bu müsahibəsində bütün dünyaya bir daha Azərbaycanın güclü, eyni zamanda, sülhün, dostluğun tərəfdarı olan bir dövlət olduğunu bəyan etmiş oldu".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə