"Son zəng" çalınacaq ŞƏRH

2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 11-ci sinfini 84 min 169, 9-cu sinfini isə 131 min 227 nəfər bitirir

Azərbaycanda bütün ümumtəhsil müəssisələrində onbirillik məktəb həyatının "Son zəng"i çalınacaq. 2020/2021-ci dərs ilinə yekun vurulur. Pandemiya dövründə yaşmağımıza baxmayaraq, Nazirlər Kabineti tərəfindən "Son zəng" tədbirlərinin keçirilməsinə icazə verilib. Lakin tədbirlərin təşkili üçün müəyyən şərtlərin olması da istisna deyil. Bu gün on bir il elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazanırlar. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir. Artıq bu gündən gənclər müstəqil Azərbaycanın müstəqil vətəndaşı kimi həyata qədəm qoyacaqlar. Bildiyimiz kimi, ölkəmizdə ümumtəhsil məktəblərində hər il iyunun 14-də son zəng qeyd edilir. SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Bu il 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin ümumi təhsil müəssisələrinin 11-ci sinfini 84 min 169 nəfər bitirəcək. ümumi təhsil məktəblərində 9-cu sinfi bitirən şagirdlərin sayı isə 131 min 227 nəfərdir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Müasir dövrdə ölkələrin inkişaf konsepsiyasını təhsil müəyyənləşdirir. Bu baxımdan, müasir təhsil sisteminin yeni çağırışlara cavab verməsi məqsədi ilə təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Ayrılmış vəsaitlər "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"na və "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"ya uyğun olaraq, təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə geniş maliyyə təminatı yaratmışdır. Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nailolma, ibtidai təhsili başavurma səviyyəsi demək olar ki, yüz faizə çatdırılıb. Bu gün pandemiya dövrünü yaşamış olsaq da, məktəblilərin yüksək biliklərə yiyələnməsi üçün kifayət qədər imkanlar yaradılmış oldu. Televiziya vasitəsilə teledərslərin yayımı, internet resurslarında tədris materiallarının yerləşdirilməsi, "Virtual məktəb" platforması vasitəsilə interaktiv şəkildə tədrisin genişləndirilməsi kimi çevik qərarların icrasıyla gələcəyə istiqamətlənmiş addımlar atılıb. Müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı digər sahələrdə olduğu kimi, təhsilin də rəqəmsallaşdırılmasını şərtləndirir və sürətləndirir. Pandemiya müddətində onlayn təhsil təcrübəsi artıq virtual təhsilin hansı istiqamətlərdə inkişaf etdirilməsi və virtual təhsil imkanlarından necə yararlanmaqla bağlı fikir formalaşdırmış oldu. Mütəxəssilərin qənaətinə görə, onlayn təhsildə müvəffəqiyətin ən vacib komponenti insan resurslarıdır - təhsil işçiləri, müəllimlər, təhsil idarəediciləridir.

Azərbaycan pandemiya dövründə bütün sahələrdə olduğu kimi, təhsilin inkişafı ilə də bağlı tədbirlər və islahatlar həyata keçirdi və bu davamlıdır. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın gələcəyi üçün layiqli, savadlı, ləyaqətli və vətənpərvər gənclər yetişib. Ölkəmizdə pandemiya dövrünü yaşamış olsaq da, məktəblilər respublika və beynəlxalq səviyyədə olan fənn olimpiadalarının, yarışların, müsabiqələrin iştirakçısı və qalibi oldular. 2020-2021-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 59 nəfər paytaxt məktəblisi qalib oldu. Belə ki, şagirdlərdən 8 nəfər qızıl, 26 nəfər gümüş, 25 nəfər bürünc medal qazandı. Təbii ki, bu və ya digər olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə də beynəlxalq və respublika yarışlarında 112 qızıl, 89 gümüş, 97 bürünc olmaqla, ümumilikdə 298 medal əldə ediblər.

Təbii ki, 2020-2021-ci tədris ilində paytaxtdakı 77 ümumi təhsil məktəbində STEAM layihəsi də tətbiq edilib. STEAM təhsil metodu şagirdlərə beş sahənin, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Bütün bu və ya digər yarışlar, tədbirlərlə yanaşı 2020-2021-ci tədris ilində vətəpərvərlik mövzusunda da tədbirlər reallaşıb. 44 günlük Vətən müharibəsi ətrafında məktəblilər kifayət qədər məlumatlandırılıb və bu məzmunda onlayın tədbirlər keçirilib. Bu gün Azərbaycanın daxili imkanları genişləndikcə, təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi ilə bağlı qürur hissi keçiririk. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.

Son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür. Məktəb tikintisi ilə bağlı qəbul olunmuş dövlət proqramları bu sahədə sürətli inkişafı təmin edib. Ardıcıl olaraq, təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq, dövlətimizə, dövlətçiliyimizin qorunmasına və milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır. Bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvələrini ölkəmizin uğurlarına yeni uğurlar əlavə etməyə sərf etməlidirlər. Bu günün məzununu həyata hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız olduğundan mətin, iradəli və intellektual səviyyəli gənclərimiz müstəqil həyata vəsiqə alırlar.

Zəfər qazanmış Azərbaycanın MƏZUNLARI, yolunuz uğurlu olsun!

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə