"Şuşanın bərpası Şuşaya Azərbaycan ruhunun qayıdışıdır" MƏQALƏ

Tarixi yaddaşımızın, mənəvi yaddaşımızın, musiqimizin, mədəniyyətimizin beşiyi olan Şuşa!

Azadlığı ilə bütün dünya Azərbaycanlılarının içindəki sıxıntını bir anda yox edən Şuşam! Pənahəli xanın, Natavanın, Vaqifin ruhunun bu gün azad dolaşdığı Şuşam! Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşam!

Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. 44 günlük vətən müharibəsində tarix yazan ordumuzun Ali Baş Komandanı Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşanın azad edilməsini isə Cənab Prezdent xalqımıza bildirərkən bir neçə məqamı xüsusi ilə vurğuladı. O çıxışı zamanı bildirdi ki, Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, Şuşa şəhəri işğaldan azad olunmuşdur. Müzəffər Ali Baş Komandanın “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etməsinin sevincini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Həmin gün Cənab Prezidentin “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir” cümləsinə cavab olaraq bildiriəm ki, həmin gün hər bir Azərbaycan vətəndaşının həyatının ən xoşbəxt, ən sevincli günü oldu.
Əsası Ulu Öndər tərəfindən qoyulan Qarabağ və ətraf ərazilərin azad edilməsi planını öz qətiyyəti, böyük siyasi iradəsi və böyük hərbi sərkərdəliyi ilə azad edən Yenilməz Ali Baş Komandanın Şuşanın azad edilməsi ilə bağlı nitq söyləyərkən bildirdir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” Bununla da Ali Baş Komandanımız Ulu Öndərin arzularını gerçəkləşdirməklə sabaha olan ümidimizi, inamımızı daha da gücləndirdi, bizim güclü bir xalq olduğumuzu dünyaya bir daha sübut etdi.

Prezident İlham Əliyev Şuşanın azad edildiyi gün bildirdi ki, biz Şuşanı dirçəldəcəyik və azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmasına, bərpa işlərinə başlanılmasına göstəriş verdi. Bununla da Şuşamızın əvvəlki əzəmətinin qaytarılması yolunda ilkin addımların atılmasına başlanıldı. Aradan keçən qısa zaman ərzində Şuşamız öz tarixi görkəminə qovuşmaqdadır və əminik ki, daha da gözəl və əzəmətli bir şəhər olaraq Şuşamız yaxın gələcəkdə bütün dünyaya öz qapılarını yeni nəfəslə açacaq.

Tarixdən bizə məlumdur ki, Şuşa daim bir xalq olaraq bizim üçün ən dəyərli və müqəddəs şəhərlərdən biri olub. Bu şəhərin qorunması, inkişaf etdirilməsi hələ ötən əsrin 70-ci illərindən Ulu Öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə başlanılıb. Tarixə baxsaq görərik ki, Ulu Öndər Heydər Əliyev 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Bu da o dövür üçün mühüm bir qərar idi. Erməni iddaları, sovetlərin ermənipərəst mövqeyi qarşısında bunu etməyin özü cəsarətli və tarixi bir qərar idi. Bu gün yuxarda da qeyd etdiyimiz kimi, Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması da Ulu Öndərin ən böyük hədəflərindən idi. Biz bu gün o hədəflərə Ulu Öndərin layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevlə çatdıq. Şuşa bu gün azadı, Şuşa bu gün yenidən qurulur, Şuşa Bu gün öz əzəmətinə qovuşur.
Hələ xanlıqlar dövründən bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuş, inkişaf etmiş Şuşa şəhəri tarixi əzəmətini özünə qaytarır. Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıdan, hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair -rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər, Molla Pənah Vaqifin məqbərəsi yenidən bərpa edilir. Bunlar hamısı xalqımız tərəfindən yüksək dəyərləndirilir, qiymətləndirilir buna görə də Cənab Prezidentə bir xalq olaraq minnətdarıq. O bizə təkcə Şuşamızı qaytarmadı, o bizə azad, tarixi yaddaşı bərpa edilmiş, tarixi keçmişinə yeni nəfəs verilmiş müqəddəsi Şuşamızı qaytardı. Dünya xalqları, xususi ilə avropalılar bilməlidir ki, Viyana, Roma onlar üçün nə qədər əhəmiyyətli, Vatikan nə qədər müqəddəsdirsə Şuşa da bizim üçün o qədər əhəmiyyətli, müqəddəs və dəyərlidir. Biz xalq olaraq Ali Baş komandanımızın arxasında öz dəyərlərimizi, müqəddəs yurdumuzu əbədiyyən qoruyacağıq. Onu daha da çiçəkləndirəcəyik. İnkişaf etdirəcəyik.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Amma nə yazıq ki, qondarma rejimlə əlbir olaraq tarixi abidələrimizi xüsusi ilə tarixi irsimizi silmək məqsədi ilə Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhdləri edilmişdir. Lakin bu saxta “restavrasiya” oyunlarını, tarixi irsimizi oğurlamaq cəhdlərini biz heç zaman qəbul etmədik və etməyəcəyik də. O abidələrimizn hamısı bu gün bərpa edilir və ediləcəkdir.

Cənab Prezidentin məlum fərmanı ilə Şuşamız Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Yaxın gələcəkdə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə ilk dəfə təşkil olunan bu festival 32 il sonra daha qürurlu, daha möhtəşəm daha rəngli olacaq. Azərbaycanda və dünyada yüzlərlə mədəni, tarixi layihələr gerçəkləşdirən Heydər Əliyev Fondu tərəfindən təşkil olunacaq festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq. Bu da öz növbəsində dünyaya bir daha Şuşanın “Şuşi” olmadığını, Şuşanın Azərbaycanın ürəyi olduğunu dünyaya bəyan edəcək. Şuşanın Mədəniyyət Paytaxdı elan edilməsinin daha mühüm bir əhəmiyyəti isə daxildə olan bəzi məmurlara Cənab Prezidentin tutarlı cavabıdır. Cənab Ali Baş komandan: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” deməklə bəzi işbazlarara Şuşanın Azərbaycan xalqının tarixi sərvəti olduğunu bir daha xatırlatdı. Orada gedən bərpa və quruculuq işlərinə xalq nəzarətinin olmağının da vacibliyini vurğulamaqla xalq Prezident vəhdətinin hər sahədə olduğu kimi bu istiqamətdə də olduğunu bəyan etdi.

Müzəffər Ordumuzun Yenilməz Komandanı öz nitqində bildirmişdir ki, Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır.

Bəli, Cənab Prezident, o bayraq orada sizin qətiyyətiniz, ordumuzun qüdrəti müqqədəs şəhidlərimizn tökülən qanları bahasına dalğalanır. Bir xalq olaraq heç vaxt nə biz, nə də gələcək nəsillərimiz o bayrağın enməsinə icazə verməyəcək.

Yaşasın birliyimiz, bütünlüyümüz, Şuşalı, Laçınlı, Kəlbəcərli, Qarabağlı Azərbaycanımız!

Yaşasın Yenilməz ordumun Yenilməz Komandanı Cənab İlham Əliyev!

Elnur Bayramov
216 nömrəli məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə