YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Suraxanı qəsəbəsinin sakini olmuş, Vətən müharibəsi şəhidi əsgər Səfərov Cəsarət Xaliq oğlunun ailəsini ziyarət edib, sovqat aparıb və ailənin qayğıları ilə maraqlanıblar.

Görüş zamanı təşkilat sədri V.Seyidov vurğulayıb ki, Vətən müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri deyib ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcək.

V.Seyidov Cəsarətin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı şəhid ailəsinə təqdim edib.Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz minnətdarlıqlarını bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə